Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında Kürdəmir rayon Gənclər evinin könüllüləri ilə birlikdə “Kitab klubu” devizi altında görüş və hərbi vətənpərvərlik mövzusunda yazılmış kitabların müzakirəsi təşkil olunub.
Bu barədə “Tehsil365”ə muzeydən məlumat verilib. Tədbirdə muzeyin Aran regional filialının direktoru Yaqut Bahadurqızının “Hay ver mənə, cənab leytenant” kitabı müzakirə edilib. Kitab 2016-cı ilin aprelində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş baş leytenant Əbu Bəkr İsmayılova həsr edilib. Görüşdə şəhidin anası Rəna İsmayılova da iştirak edib.
Tədbirdə könüllülər kitabı təhlil ediblər. Onlar, həmçinin müəllifə və Rəna xanıma suallarını ünvanlayaraq kitabın ideya-məzmunu, qəhrəmanın xarakteri və döyüşdə göstərdiyi şücaət, döyüş yoldaşlarının xatirələri, ailəsinə, Vətənə bağlılığı barədə diskussiya aparıblar.
Şəhid anası Rəna İsmayılova oğlunun kiçik yaşlarından Vətənə olan sevgisindən, Azərbaycan Bayrağına və digər dövlət atributlarına dəyər verməsindən, ailəsinə, dostlarına sədaqətindən, dürüstlüyündən, cəsarətindən danışıb.
Gənclər şəhid Əbu Bəkr İsmayilovun həyatının onlara nümunə olduğunu vurğulayıblar.
Kürdəmir rayon Gənclər evinin dərnək rəhbəri Röya İbişova çıxışında bildirib ki, “Kitab klubu” devizi altında keçirilən görüşlər, vətənpərvərlik ruhunda müzakirələr, ədəbi söhbətlər gənc nəsildə vətənpərvərlik ruhunun, mütaliə mədəniyyətinin aşılanmasında, onlarda tariximizə və ədəbi irsimizə marağın artırılmasında mühüm rol oynayır. “Kitab klubu” çərçivəsində keçirilən bu tədbir həm də şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsidir.
Yaqut Bahadurqızı son dövrdə yazarların hərbi vətənpərvərlik mövzusuna tez-tez müraciət etdiyini deyərək, torpaqlarımızın müdafiəsi, müstəqilliyimiz və suverenliyimiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin şərəfinə yazılan əsərlər haqqında məlumat verib. O, “Kitab klubu” devizi altında görüşü gənclərin ədəbi mühitə inteqrasiyası baxımından əhəmiyyətli təşəbbüs kimi dəyərləndirib.
Sonda “Kitab klubu”nun üzvlərinə nəşrlər hədiyyə edilib.