Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutun baş elmi işçisi iqtisad elmləri doktoru Seyfəddin Səməndərovun “İqtisadi təlimlər tarixi” kitabı çapdan çıxıb. İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru professor Gülşən Yüzbaşıyeva, rəyçiləri professor Hacıağa Rüstəmbəyov və iqtisad üzrə fəlsəfə doktoru Gülnarə Fətəliyevadır.
Bu barədə “Tehsil365”ə institutdan bildirilib.
İqtisadi təlimlər tarixi fənninin öyrənilməsində əsas məqsədlərdən biri iqtisad elminin inkişaf qanunauyğunluqlarının dərk olunması, bir iqtisadi təlimin digər iqtisadi təlimlərlə əvəz olunması səbəbləri, iqtisadi siyasətlərin formalaşması və inkişafı ilə əlaqədar proseslərin nəzərdən keçirilməsidir. Hər bir iqtisadi təlimin öz müsbət tərəfləri var. Lakin bu nəzəriyyələrdə heç də hər bir şey tam və hərtərəfli işıqlandırılmayıb. Bu səbəbdən də iqtisadi təlimlər tarixinin başlıca vəzifəsi onların əvvəlki təlimlərlə müqayisəli şəkildə təhlil edilib öyrənilməsidir. İqtisadi təlimlər tarixi müxtəlif iqtisadi məktəblərin metodoloji bazasını öyrənməyə də imkan yaradır.
Magistrantlar üçün nəzərdə tutulan kitab ən qədim zamanlardan müasir dövrə qədər iqtisadi fikrin inkişafı, mövcud iqtisadi təlimlərin həyata keçirilən iqtisadi siyasətə təsiri məsələlərini əhatə edir.