Təhsil 365 - Logo Mobile

MEK-də “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda mühazirə dinlənilib - FOTO

8802.05.2025 - 18:10
MEK-də “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda mühazirə dinlənilib - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü, AMEA-nın 80 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda mühazirə keçirilib.

Bu barədə “Tehsil365”ə MEK-dən bildirilib.

MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov tədbiri açaraq qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev özünün çoxillik dövlətçilik fəaliyyətində elmə xüsusi diqqət yetirib. Ulu Öndərin əsasını qoyduğu və milli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi olan elmi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elmi fəaliyyətin mühüm dayaqlarından biri kimi kitabxanaların roluna da toxunan H.Hüseynov qeyd edib ki, elmi informasiya təminatının gücləndirilməsi, müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi və elmi kitabxanaların inkişaf etdirilməsi istiqamətində atılan addımlar ölkəmizdə elmə və biliyə verilən dəyərin göstəricisidir.

Direktor MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsində saxlanılan 1500-dən artıq nəşrdə Ulu Öndər haqqında dəyərli fikirlərin yer aldığını xüsusi vurğulayıb və bildirib ki, məhz bu səbəbdən Ümummilli Liderin siyasi həyatı daim araşdırılmalı və tədqiq olunmalıdır.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında Azərbaycanın müasir inkişafının təməlində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş siyasətin dayandığını vurğulayıb. O, Ulu Öndərin ölkəyə rəhbərliyinin hər iki dönəmində Azərbaycan elminə, xüsusən Milli Elmlər Akademiyasına göstərdiyi diqqət və qayğının şahidi olduqlarını qeyd edib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan elminin prioritet istiqamətlərindən danışıb, fundamental və tətbiqi elmlərin inkişafı üçün ciddi addımlar atıldığını qeyd edib. Alim diqqətə çatdırıb ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev Azərbaycan elminə yeni nəfəs verib, müstəqil dövlət quruculuğu şəraitində elmin hüquqi bazasını formalaşdırıb, AMEA-nın statusu yenidən təsbit olunub və elmin cəmiyyətə xidmət edən əsas institut kimi rolu gücləndirilib.

Tədbirdə çıxış edən AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli qeyd edib ki, Azərbaycan elminin və Milli Elmlər Akademiyasının formalaşması və inkişafında Heydər Əliyev–İlham Əliyev epoxası xüsusi tarixi mərhələ təşkil edir. O, bu dövrdə elmin dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildiyini, alimlərin fəaliyyətinə göstərilən diqqət və qayğının elmi nailiyyətlərin artmasına səbəb olduğunu bildirib.

AMEA Azad Həmkarlar İttifaqının sədri dosent Sənan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və digər çıxışçılar alimlərin sosial müdafiəsi və elmi fəaliyyətə yaradılan şəraiti dövlətin elmə verdiyi dəyərin göstəricisi kimi dəyərləndiriblər. MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova isə sayca 15-ci dəfə keçirilən lektoriyanın şöbənin yaranmasının 20 illiyinə təsadüf etdiyini diqqətə çatdırıb.

Tədbirdə Heydər Əliyevin siyasi irsinə dair nəşrlər sərgilənib, Azərbaycan elminə verdiyi töhfələrdən və AMEA-nın inkişaf mərhələlərinə dair videosüjet nümayiş etdirilib.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...