Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Vətənpərvərlik mahnıları (marşları) ifaçılığı müsabiqəsi” elan edib.
“Tehsil365” xəbər verir ki, müsabiqənin məqsədi milli mədəniyyətin və incəsənətin, vətənpərvərlik hisslərini aşılayan musiqi nümunələrinin təbliği, istedadlı ifaçıların üzə çıxarılması və onların yaradıcılıq potensialının dəstəklənməsidir.
İştirak etmək istəyənlər 5 iyun – 1 oktyabr 2025-ci il tarixləri arasında doldurulmuş ərizə-anket forması və şəxsiyyət vəsiqəsinin surətini Nazirliyin Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinə təqdim etməli və ya [email protected] elektron ünvanına göndərməlidirlər.
Müsabiqə şərtləri:
Müsabiqə iki yaş qrupu üzrə (12–19 yaş və 20 yaşdan yuxarı) bir turda keçiriləcək;
Tədbir 2025-ci ilin noyabr ayında Naxçıvan şəhərində baş tutacaq;
İştirakçılar Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda iki mahnısını (marşını) canlı ifa etməlidirlər;
Müşayiət canlı və ya fon musiqisi (minus) ilə ola bilər və iştirakçı özü tərəfindən təmin olunmalıdır;
Təhsil tələbi yoxdur – istedadlı hər kəs iştirak edə bilər.
Hər yaş qrupu üzrə birinci yerin qalibinə 500 AZN, ikinci yerə 300 AZN, üçüncü yerə isə 200 AZN məbləğində pul mükafatı təqdim ediləcək. Fərqlənən ifaçılar isə Nazirliyin fəxri fərmanları ilə təltif olunacaqlar.
Ətraflı məlumat və ərizə-anket nümunəsi ilə nculture.gov.az saytında tanış olmaq mümkündür.