Təhsil 365 - Logo Mobile

“Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

6720.06.2025 - 11:40
“Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

2025-ci il 17–19 iyun tarixlərində AR ETN Botanika İnstitutunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Botanika İnstitutu və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” adlı beynəlxalq konfrans keçirilib.


"Tehsil365" xəbər verir ki, tədbirin açılış mərasimində dövlət nümayəndələri, həmçinin Macarıstan, Pakistan, Çin, Türkiyə, İran və digər ölkələrdən alim və mütəxəssislər iştirak ediblər. Konfransı giriş sözü ilə açan Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva tədbirin məqsədinin yerli və beynəlxalq ekspertləri bir araya gətirərək ölkədəki bitki örtüyünün və meşə ekosistemlərinin vəziyyətini qiymətləndirmək, biomüxtəlifliyin qorunması və ekoloji tarazlığın təmin edilməsində meşələrin rolunu müəyyənləşdirmək olduğunu bildirib. O, həmçinin Azərbaycanın meşə örtüyünün ümumi sahəsi, antropogen təsirlər, iqlim dəyişikliyi və Qarabağda işğal dövründə törədilən yanğınların yaratdığı ekoloji fəsadlar barədə məlumat verib.


Daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini, biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Çin Elmlər Akademiyasının Sincan Ekologiya və Coğrafiya İnstitutunun baş direktoru Zhang Yuanminq, Macarıstanın HUN-REN Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru professor Péter Ódor, Pakistanın Quaid-i-Azam Universitetinin Bitki Elmləri şöbəsinin professoru Muhammad Zafar və digər qonaqlar çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.


Plenar iclasda xarici və yerli alimlərin təqdimatında məruzələr dinlənilib, geniş müzakirələr aparılıb. Naxçıvan Dövlət Universitetinin nümayəndə heyətinin iştirak etdiyi tədbirdə universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov da çıxış edib. Konfransın davamında Azərbaycan-Macarıstan komandası tərəfindən meşə tədqiqatlarına həsr olunmuş interaktiv seminar və meşə ərazilərinə ekspedisiyalar təşkil olunub.

Gülgəz Qasımzadə

Новостная лента

На данный момент новостей в ленте нет...