Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçiriləcək.
“Tehsil365” xəbər verir ki, iyunun 25-də Azərbaycan Fotoqraflar Birliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə “Zəfərin ruhu” adlı səyyar rəsm və foto sərgisi açılacaq. Saat 17:00-da başlayacaq sərgidə Azərbaycan Ordusunun qəhrəmanlığını, xalqımıza bəxş etdiyi əbədi Zəfər ruhunu və Qarabağımızın gözəlliklərini əks etdirən əsərlər nümayiş olunacaq.
Həmin gün saat 20:00-da Heydər Əliyev Mərkəzinin həyətində açıq konsert meydanında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası nəzdində Xalq çalğı alətləri orkestrinin konsert proqramı təqdim ediləcək.
Eyni zamanda, Ağstafa Heydər Əliyev Mərkəzində mədəniyyət nazirinin müavini, pianoçu, Xalq artisti Murad Hüseynov Uşaq İncəsənət Festivalının fortepiano nominasiyası üzrə qeydiyyatdan keçmiş iştirakçılar üçün ustad dərsi keçirəcək.