Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə “Azərbaycanın qalib ordusu” mövzusunda tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADPU-nun Şamaxı filialından “Tehsil365”ə bildirilib ki, tədbiri açan bu təhsil müəssisəsinin direktoru dosent Tünzalə Yusifova ölkəmizin ordu quruculuğu sahəsində əldə etdiyi uğurlardan, güclü və müasir silahlı qüvvələrin formalaşmasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. O vurğulayıb ki, ordumuzun qazandığı Zəfər təkcə hərbi uğur deyil, xalqımızın birliyinin və gücünün təntənəsidir.
Sosial və xüsusi fənlər kafedrasının dosenti Sübhan Talıblı “Zəfərə aparan ordu qürur mənbəyimizdir” mövzusunda məruzəsində ordumuzun keçdiyi inkişaf yolunu təhlil edərək, 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi iradə və gücün arxasında məqsədyönlü dövlət siyasətinin dayandığını söyləyib.
Kafedranın müəllimi Şahin Hüseynov “Qələbəyə aparan güc – ordumuzun silahları” mövzusunda çıxışında müasir hərbi texnologiyaların və hərbi sənaye kompleksinin inkişafının ordumuzun döyüş qabiliyyətinə verdiyi töhfələrdən danışıb.
Daha sonra Məktəbəqədər təhsil ixtisasının I kurs tələbəsi Jalə Orucəliyeva Nəriman Mehdixanlının “Azərbaycan əsgəri” şeirini səsləndirib.
Tədbir mövzu ətrafında diskussiya ilə davam edib. Çıxış edənlər Azərbaycan Ordusunun ölkəmizin müstəqilliyinin və suverenliyinin təminatçısı olduğunu xüsusi vurğulayıblar.