Lənkəran Dövlət Universitetinin (LDU) kollektivi hər ilki ənənəsinə bu il də sadiq qalaraq 26 iyun tarixində yay gəzintisinə çıxıb.
“Tehsil365” xəbər verir ki, universitetin rektoru, professor Natiq İbrahimovun rəhbərliyi ilə professor-müəllim və inzibati heyət Lənkəranın Xanbulançay ərazisində yerləşən istirahət məkanlarına səfər edib. Gəzinti LDU Həmkarlar İttifaqı Komitəsi və universitet rəhbərliyinin birgə təşkilatçılığı, maliyyə dəstəyi ilə baş tutub. Tədbirdə kollektivin arzu edən bütün üzvləri iştirak edib.
Talış dağlarının qoynunda yerləşən istirahət mərkəzi öz füsunkar təbiəti ilə iştirakçılara xoş əhval-ruhiyyə bəxş edib. Dağ, dərə, meşə, göl, bulaq, şəlalə və təmiz hava ilə əhatələnmiş bu məkanda istirahət edənlər tam rahatlıq və əyləncə imkanı qazanıblar.
Gəzinti zamanı cənub mətbəxinin ləziz təamları, bulaq suyundan dəmlənmiş çay, mövsümi meyvələr və növbənöv çərəzlər iştirakçılara təqdim olunub. Maraqlı və əyləncəli oyunlarla müşayiət olunan gəzinti kollektivi bir araya gətirərək gərgin tədris ilindən sonra dincəlmək və birgə vaxt keçirmək imkanı yaradıb.