Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bildirir ki, xarici ölkələrdə əldə edilən natamam ali təhsil kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən həyata keçirilir.
“Tehsil365” xəbər verir ki, qaydaların 5.9-cu bəndinə əsasən, xaricdə natamam ali təhsil almış şəxslər təhsillərini Azərbaycanın ali təhsil müəssisəsində davam etdirmək üçün öncə TKTA-ya qismən tanınma üçün müraciət etməlidirlər. Qismən tanınma əldə olunduqdan sonra həmin şəxslər müvafiq ali təhsil müəssisəsinə köçürülmək hüququ qazanırlar.
Köçürülmə prosesi isə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi və digər hallarla bağlı Qaydalar”a uyğun aparılacaq.
Qismən tanınma şəhadətnaməsi yalnız köçürülmə üçün müraciət hüququ verir və köçürülmə prosesi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
TKTA tərəfindən vətəndaş müraciətləri nəzərə alınaraq qismən tanınma prosesi üçün müraciət müddəti 7 iyul saat 18:00-dək uzadılıb. Müraciətlər https://apply.enic.edu.az/ linki vasitəsilə elektron formada təqdim edilməlidir. Qeyd olunan tarix və saatdan sonra edilən müraciətlər qəbul edilməyəcək.
Müraciət zamanı diqqət yetirilməli əsas məqamlar aşağıdakılardır:
Akademik transkript apostil möhürü ilə leqallaşdırılmalıdır;
Transkriptə ali təhsil müəssisəsinə qəbul tarixi və AKTTS üzrə ümumi kredit sayı açıq şəkildə yazılmalıdır;
Transkript bütün təhsil müddətindəki göstəriciləri əhatə etməlidir;
Transkript yalnız ingilis, rus və türk dilində deyilsə, Azərbaycan dilinə tərcümə olunmalı və notariat qaydada təsdiq edilməlidir;
Sənədlərin mümkün qədər tez yoxlanması üçün onların QR kodlu və ya elektron imzalı versiyası təqdim edilməsi tövsiyə olunur.
Ətraflı məlumat üçün: https://www.tkta.edu.az