Məktəbəqədər təhsildə çalışan müəllimlərin 2026-cı ilin sonunadək mərhələli şəkildə sertifikasiyadan keçirilməsi planlaşdırılır.
Bu barədə Tehsil365-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova məlumat verib.
Onun sözlərinə görə, 2024-cü ilin oktyabrında tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmədə 11 200 nəfər iştirak edib və onların 56 faizi 30-dan yuxarı bal toplayıb.
İlahə Rəsulova bildirib ki, bu diaqnostik qiymətləndirmə iki məqsəd daşıyır: “Birincisi, müəllimlərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi, ikincisi isə 2026-cı ilin sonunadək həyata keçirilməsi planlaşdırılan sertifikasiyaya hazırlıqdır. Bu proses məktəbəqədər təhsil sahəsində ilk dəfə həyata keçirilir. Ona görə də ilkin mərhələdə diaqnostik qiymətləndirmə aparıldı ki, müəllimlər sertifikasiyaya daha hazırlıqlı olsunlar.”
O, əlavə edib ki, sertifikasiya müəllim fəaliyyətinin keyfiyyətini ölçən əsas alət kimi nəzərdə tutulur.