Təhsil 365 - Logo Mobile

Tələbələr sahibkara çevrilirlər

8015.08.2025 - 14:31
Tələbələr sahibkara çevrilirlər

“Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 60-a yaxın məzunu aktivlər ala biləcək.  Bu, “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində reallaşacaq”.

Bunu Tehsil365-ə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev bildirib. Onun sözlərinə görə, indiyə qədər 35-ə yaxın məzuna avadanlıqlar verilib: “Hazırda 60 nəfərin qiymətləndirməsi davam edir. Layihənin I mərhələsində 84 nəfərin belə bir imkan qazanacağı nəzərdə tutulub”.

“Gənclərin biznes emalatxanası” layihəsi peşə təhsilində turizm, aqrar və sənayenin digər istiqamətləri üzrə təhsil alan tələbələrin təhsil aldıqları ixtisas sahəsi üzrə sahibkara çevrilmələrini dəstəkləyir”, – deyən Q.Nəbiyev əlavə edib ki, sözügedən layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyi arasında əldə edilən razılaşmaya əsasən həyata keçirilir. Bu razılaşmanın əsas tərəfdaşı isə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzidir: “Dövlət Məşğulluq Agentliyi işsiz, işaxataran, aztəminatlı ailələrdən olan şəxslər üçün qısamüddətli kurslar təşkil edir və təhsilinin sonunda onlara aktivlər verir. Biz də bu layihədən ilhamlandıq. Tərəfdaş qurumlar razılığa gələrək hər biri öz üzərinə müəyyən öhdəliklər götürüb. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ən önəmli öhdəliyi yerinə yetirir. Belə ki, mərkəzimizdə təhsil alan tələbələrin müraciətləri tədris dövründə akademik göstəriciləri, ixtisas sahəsinə aid nəzəri və praktiki bilik və bacarıqları nəzərə alınmaqla dəyərləndirilir, onların layihənin benefisiarına çevrilməsi istiqamətində iş aparılır”.

Layihənin uğuru onun daha da genişləndirilməsi üçün də zəmin yaradıb: “Artıq Bakıdakı bir neçə peşə təhsili müəssisəsinin də bu layihəyə cəlb edilməsi nəzərdə tutulub”.

Mərkəz direktorunun fikrincə, layihənin nəticəsinin uğurlu olmasının səbəblərindən biri hesabatlılıqdır: “Avadanlıqların işləkliyi, gənclərimizin sahibkarlıq istiqamətində fəaliyyəti mütəmadi monitorinq olunur”.

Q.Nəbiyev əlavə edib ki, bu layihə həm də peşə təhsilinin sahibkarlığın inkişafına verdiyi töhfədir: “Layihənin əsas məqsədi peşə təhsili alan gənclərin həm də sahibkara çevrilmək arzusunu reallaşdırmaqdır. Hər gənc bitirdiyi ixtisas üzrə mikro sahibkara çevrilir və öz gəlirlərini artırır”.

Direktorun sözlərinə görə, avadanlıqlar verilməklə iş bitmiş hesab olunmur və benefisiarları mütəmadi araşdırırlar: “Araşdırdıqca benefisiarların ehtiyaclarını müəyyənləşdirir, onların dövlətin yaratdığı imkanlardan – güzəştli kredit və başqa dəstək mexanizmlərindən istifadələrinə kömək edirik”.

İlhamə Nurəhmədova

Новостная лента

На данный момент новостей в ленте нет...