Təhsil 365 - Logo Mobile

Süni intellektdə istifadə insanlarda “dərin və tənqidi düşünməni” zəiflədir

10526.08.2025 - 10:10
Süni intellektdə istifadə insanlarda “dərin və tənqidi düşünməni” zəiflədir

Süni intellekt texnologiyalarının gündəlik həyatın hər sahəsinə sürətlə daxil olması, bunun insanlardakı “dərin və tənqidi düşünmə” bacarıqlarını zəiflətməsi ilə bağlı müzakirələri gücləndirib.

“Tehsil365”-in "Habertürk"ə istinadən verdiyi məlumata əsasən, akademiklər və pedaqoqlar hesab edirlər ki, süni intellektin təqdim etdiyi “ani və sistemli cavablar” fərdlərin problem həll etmə prosesində vacib olan “yaradıcı çaşqınlığı” aradan qaldıra bilər. Bu vəziyyət xüsusilə gənc istifadəçilər arasında düşünmə vəzifəsini tamamilə rəqəmsal vasitələrə həvalə etmək meylini gücləndirir. Tənqidlərdə vurğulanır ki, süni intellekt bir “düşüncə ortağı” kimi istifadə olunmalıdır, lakin səhv tətbiqi uzunmüddətli idrak bacarıqlarını zəiflədə bilər.

Müzakirələrə yeni istiqamət qazandıran Massaçusets Texnologiya İnstitutu (MIT) araşdırması isə göstərib ki, ChatGPT istifadəsi beyin fəaliyyətini azaldır və zamanla öyrənmə motivasiyasını zəiflədir. Araşdırmanın nəticələri təhsil siyasətləri və sinifdaxili tətbiqlər baxımından diqqətəlayiq xəbərdarlıqlar ehtiva edir.

MIT Media Lab tədqiqatçıları 18-39 yaş arası 54 nəfəri üç qrupa ayıraraq esse yazmalarını istəyiblər. İştirakçılar ya ChatGPT-dən, ya Google axtarış sistemindən, ya da yalnız öz biliklərindən istifadə edərək mətn hazırlayıblar. EEQ ilə beyin fəaliyyətləri ölçülən araşdırmada məlum olub ki, ChatGPT istifadə edənlərin “idarəedici nəzarət” və “diqqət iştirakçılığı” göstəriciləri ən aşağı səviyyədədir. Komanda müəyyən edib ki, ChatGPT-dən yararlanan qrup sonrakı yazılarında orijinal fikirlər əvəzinə eyni ifadələri təkrar edib, bəzi iştirakçılar isə mətni birbaşa süni intellektdən alaraq kiçik dəyişikliklərlə təqdim ediblər. Bunun əksinə olaraq, yalnız öz bilikləri ilə yazan qrup ən yüksək beyin əlaqəliliyi və yaradıcılıq nümayiş etdirib. Google axtarışından istifadə edənlərdə isə aktiv və yüksək beyin fəaliyyəti müşahidə olunub.

Konnektikut Universitetindən Dr. Avicit Qoş, süni intellektin düzgün tətbiq olunduqda öyrənməni dəstəkləyə biləcəyini, lakin səhv istifadəsinin “bilişsel eroziya” riskini artırdığını vurğulayıb. Oakland Universitetindən Prof. Barbara Oukli isə əsas bilik bazası olmayan şəxslərin süni intellektdən asılı qalaraq səhvləri fərq etmə qabiliyyətini itirə biləcəyinə diqqət çəkib.

Araşdırmada qeyd olunur ki, süni intellekt təhsildə yalnız müəyyən bilik bazasına sahib tələbələr üçün faydalı ola bilər. Erkən yaşlarda intensiv istifadəsi isə sonradan dəyişdirilməsi çətin idrak vərdişləri formalaşdıra bilər.

Elnurə Kərimova

Новостная лента

На данный момент новостей в ленте нет...