Microsoft-un süni intellekt bölməsinə rəhbərlik edən Mustafa Süleyman, insanların süni intellekt haqqında yanlış təsəvvürlərə qapıldığını düşünür.
“Tehsil365” xarici mənbələrə istinadən xəbər verir ki, Mustafa Süleyman, süni intellekt istifadəsinin yol açdığı psixoloji böhranlara diqqət çəkərək, “super zəka” dövrünə gedən prosesdə ehtiyatlı davranmağın vacibliyini vurğulayıb. Süleymanın əsas narahatlığı süni intellektin şüur qazanması deyil, insanların buna inanmasıdır: “Ən böyük narahatlığım odur ki, insanlar süni intellekt söhbət botlarını şüurlu varlıqlar kimi görməyə başlayacaq və yaxın vaxtlarda bu sistemlər üçün hüquqlar tələb edəcəklər,” – deyə o bildirib və bunun “süni intellekt inkişafında təhlükəli bir dönəm” olacağını qeyd edib.
Süleyman, bu mifi texnologiya dünyasında tanınmış bəzi adların da gücləndirdiyini iddia edib. Onun sözlərinə görə, Google DeepMind-ın baş direktoru Demis Hassabis, OpenAI-ın keçmiş baş alimlərindən İlya Sutskever və Anthropic şirkətindən “süni intellekt rifahı tədqiqatçısı” Kyle Fish bu müzakirəni daha da gücləndirir.
Araşdırmalar göstərir ki, gənclərin dörddə biri süni intellektin artıq “şüura malik olduğuna” inanır, 58 faizi isə texnologiyanın bir gün “dünyanı ələ keçirəcəyini” düşünür. Bu inancın, istifadəçilərlə emosional bağ qurmaq üçün hazırlanmış Character.AI kimi platformalar vasitəsilə daha da genişlənəcəyi gözlənilir. Bu məqamda Süleyman açıq xəbərdarlıq edib: “Süni intellekti real insanlar üçün yaratmalıyıq; rəqəmsal insan üçün yox. Süni intellekt dostları tamamilə yeni bir kateqoriyadır. İnsanları qoruyacaq təhlükəsizlik sərhədləri barədə danışmağa təcili ehtiyacımız var.”
“TechCrunchın” məlumatına görə, Mustafa Süleymanın bu açıqlaması diqqətəlayiqdir. Çünki Microsoft-a qoşulmadan öncə o, 1,5 milyard dollarlıq Inflection AI startapının həmtəsisçisi olub və burada “mehriban və dəstəkçi” söhbət botu kimi təqdim edilən Pi layihəsini hazırlayıb. O dövrdə “milyonlarla istifadəçiyə çatmaqla” fəxr edən M. Süleymanın yaratdığı Pi, bugünkü süni intellekt dostlarının ilk nümunələrindən biri hesab olunur.
Bu gün isə Mustafa Süleyman sektorun özünə yol xəritəsi müəyyənləşdirməsinin vacibliyini vurğulayır: “Əvvəlcə süni intellekt şirkətləri sistemlərinin şüurlu olduğunu iddia etməməli və bu algını təşviq etməməlidir. Onların nə olduqları və nə olmadıqları barədə ortaq bir anlayış və bəyannamə formalaşdırmaq yaxşı başlanğıc olar. Süni intellekt insan ola bilməz. Əxlaqi varlıq da ola bilməz”.