Bu gün əsrlər boyu susdurulmuş milyonlarla insanın səsini xatırlamaq üçün bir gündür. Afrika mənşəli xalqların Beynəlxalq Günüdür.
“Tehsil365” xəbər verir ki, avqustun 31-i dünyada Afrika mənşəli xalqların Beynəlxalq Günü kimi qeyd olunur.
Bəli, qul ticarəti çoxdan bitib, kolonializm kağız üzərində tarixə qarışıb. Amma doğrudanmı hər şey geridə qalıb? Dünyanın müxtəlif yerlərində hələ də rənginə, mənşəyinə görə diskriminasiyaya məruz qalan insanları gördükcə başa düşürük ki, bu gün hələ də aktuallığını itirməyib.
Afrika xalqları sadəcə keçmişin faciələri ilə yanaşı, dünyaya verdikləri zənginliklə də yadda qalırlar. Musiqidə cazdan tutmuş reggeyə, idmanda Olimpiya rekordlarına, siyasətdə Mandela kimi simalara qədər – onların izi hər yerdə var. Bu, həm də dirənişin, azadlıq sevgisinin tarixidir.
Azərbaycan isə multikultural dəyərləri ilə tanınır. Burada müxtəlif xalqların nümayəndələri yan-yana yaşayır, işləyir, oxuyur. Bizim vəzifəmiz bu harmoniyanı qorumaq və irqçiliyə, ayrı-seçkiliyə qarşı həssas olmaqdır. Çünki “mənimlə bağlı deyil” deyə laqeyd qaldığımız hər bir ədalətsizlik, bir gün bizə də toxuna bilər.
Afrika mənşəli xalqların Beynəlxalq Günü- insanlığın yaddaşına yazılmış bir xəbərdarlıqdır: heç kəsin dərisi, dili və ya dini onun dəyərini müəyyənləşdirməməlidir.