Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində “Haqqın Zəfəri” adlı tədbir keçirilib.
“Təhsil365” xəbər verir ki, bu barədə deputat Ceyhun Məmmədov öz rəsmi səhifəsində paylaşım edib. O bildirib ki, tədbir təkcə şəhid ailələrinə diqqət və qayğının göstəricisi deyil, həm də Türk dünyasında mənəvi birliyin və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
Məmmədov qeyd edib ki, layihənin əsas məqsədi müxtəlif Türk dövlətlərindəki şəhid ailələri ilə qarşılıqlı əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması və həmrəyliyin gücləndirilməsidir. Onun sözlərinə görə, bu həmrəylik gələcək nəsillərə milli dəyərlərin, vətən sevgisinin və şəhidlik zirvəsinin böyüklüyünü aşılamaq baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda şəhid ailələrinin Böyük Qayıdış Gənclər Təşkilatı və Cəbrayıl könüllüləri ilə görüşdüyü, tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkür edildiyi qeyd olunub.