Uşaqlara dini biliklərin verilməsi məsələsində cəmiyyətdə fikir ayrılığı mövcuddur. Bəziləri bunun valideynin hüququ olduğunu, digərləri isə dövlətin vəzifəsi hesab edir. Bu məsələ xüsusilə təhsil və tərbiyə prosesində müzakirələrə səbəb olur.
Hacı Təyyar Hüseynli “Tehsil365”ə verdiyi açıqlamada uşaqların ilkin tərbiyəsində valideynlərin roluna diqqət çəkərək bildirib: “Mənim fikrimcə, valideynlərin ilkin təməl tərbiyəsində inanc və müqəddəs düşüncə və iman mədəniyyəti birinci və önəmli məsələdir. Körpələr göz açdığı mühitdən ilk tərbiyə və təhsilini alır.”
İlahiyyatçı həmçinin qeyd edib ki, cəmiyyətin dini mənsubiyyəti də bu baxımdan önəmlidir: “Bizim cəmiyyətimizdə əhalinin çox faizi müsəlmandır. Bu hiss olunmaqla bir dərəcədə cəmiyyətimizdə görünməkdədir”.
Dövlətin məsuliyyətindən danışan Hacı Təyyar Hüseynli bildirib: “İkinci mərhələdə isə dövlətin üzərinə milli-mənəvi məsələlərin qorunması istiqamətində bir çox öhdəliklər düşür. Misal olaraq məktəbəqədər təhsil müəssisələrində, ibtidai sinifdən belə sağlam dini-milli təəssübkeş, kamilləşən ideoloji sağlam ictimai mühit formalaşdırılmalıdır”.
Nəticə olaraq, müsahib vurğulayıb ki, uşaqların gələcəyi həm valideynlərin, həm də dövlətin məsuliyyətidir: “Yekun olaraq fikrimi bildirəm ki, uşaqlarımız valideynlərin və dövlətin gələcəyidir. Arzulanan gözəl və xoşbəxt gələcəyimiz üçün mənəvi saflığın ciddi əhəmiyyəti və önəmi var. Bu baxımdan tərbiyə və təhsildə inanc və dini biliklərin təlimi mütləq lazımdır”.