Təhsil 365 - Logo Mobile

Uşaqlara dini bilik verilməsində balanslı yanaşma önəmlidir

12208.09.2025 - 14:10
Uşaqlara dini bilik verilməsində balanslı yanaşma önəmlidir

Uşaqlara dini bilik vermək məsələsi müasir Azərbaycan cəmiyyətində həm hüquqi, həm pedaqoji, həm də sosial baxımdan diqqət mərkəzindədir.

Təhsil eksperti Kamran Əsədov “Tehsil365”ə verdiyi açıqlamasında bildirib ki, bu sahədə iki əsas yanaşma mövcuddur: bir tərəfdən valideynlər övladlarına dini bilik vermək hüququna malik olduqlarını iddia edir, digər tərəfdən isə dövlət dini mədəniyyət və tolerantlıq biliklərinin tədrisini əsas vəzifə hesab edir. “Cəmiyyətin dünyəvi dövlət prinsipləri ilə dini dəyərlər arasında tarazlığı qorumaq vacibdir” – deyə o vurğulayıb.

Azərbaycan Respublikasının Konstitusiyası uşaqların dini tərbiyəsində valideynlərin birbaşa söz sahibi olduğunu göstərir. Eyni zamanda, “Təhsil haqqında” Qanun dövlət təhsil sistemində dünyəvilik prinsipini əsas götürür və dini təbliğata qətiyyən yol vermir. Ekspert qeyd edir ki, dövlətin rolu konkret dini doktrinanı öyrətmək yox, dini mədəniyyət və tolerantlıq çərçivəsində bilik verməkdir.

“Dünyada 60-dan çox ölkədə məktəb proqramlarında dinlər tarixi və dini mədəniyyətə aid fənlər yer alır. Məsələn, Almaniyada məktəblərin 70 faizi ‘din’ fənni tədris edir, Fransada isə dini biliklər etik və vətəndaşlıq dərsləri çərçivəsində verilir. Azərbaycanda isə tolerantlıq və multikulturalizm dəyərləri əsas götürülərək dini biliklər tarixi-mədəni kontekstdə təqdim edilməlidir” – deyə Kamran Əsədov bildirib.

Ekspert həmçinin xəbərdarlıq edir ki, dini biliklərin yalnız dövlət tərəfindən verilməsi və ya yalnız valideynlərin üzərinə buraxılması risklər doğura bilər. “Düzgün yanaşma balanslı modeldir: dövlət dini bilikləri mədəniyyət və tarix çərçivəsində öyrədir, valideyn isə dərin dini tərbiyəni evdə verir” – deyə o əlavə edib.

Elm və Təhsil Nazirliyi artıq məktəb proqramlarına “Ümumbəşəri dəyərlər”, “Vətəndaşlıq və hüquq” və “Azərbaycan tarixi” fənləri çərçivəsində dini mədəniyyət mövzularını daxil edib. Bu, uşaqlara həm milli-mədəni dəyərlərini öyrətmək, həm də digər dinlərə qarşı tolerant münasibət formalaşdırmaq baxımından əhəmiyyətlidir.

“Gələcəkdə dini biliklərin ayrı fənn kimi deyil, mövcud fənlərin inteqrasiyasında verilməsi daha məqsədəuyğun olar. Belə olan halda uşaqlar dini bilikləri tarixi, mədəni, fəlsəfi və hüquqi kontekstdə dərk edəcəklər” – deyə ekspert yekun vurğulayıb.

Beləliklə, müsahibin fikrincə, ideal model həm valideynin, həm də dövlətin məsuliyyətinin paylaşılmasında, uşaqların həm dünyəvi təhsil alması, həm də ailə dəyərlərindən uzaqlaşmamasında görünür.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...