Təhsil 365 - Logo Mobile

"Uşaqların dini biliklərdə ilk təcrübəsi evdə formalaşır" – AÇIQLAMA

12008.09.2025 - 14:40
"Uşaqların dini biliklərdə ilk təcrübəsi evdə formalaşır" – AÇIQLAMA

Uşaqlara dini biliklərin verilməsi mövzusunda fikir ayrılığı mövcuddur. Bəziləri bunu valideynin hüququ hesab edir, digərləri isə dövlətin vəzifəsi kimi görür.

Təhsil eksperti İlham Əhmədov “Tehsil365”ə verdiyi açıqlamada bildirir ki, uşaqlara dini biliklərin verilməsi vacibdir, lakin bu, ölçülü və uyğun formada olmalıdır. O deyir:"Uşaqlara müəyyən bilgilər hökmən verilməlidir. Bu onların dünyagörüşünə, mənəvi inkişafına, ailə və milli dəyərlərə sadiqliyinə dəstək olar. Eyni zamanda uşaqları dini-ekstremist təsirlərə qarşı daha davamlı edə bilər”.

Ekspertin sözlərinə görə, dini biliklər uşaqların əxlaq anlayışının, dəyərlər sisteminin və mədəni kimliyinin formalaşmasına kömək edir. O əlavə edir:"Erkən yaşda uşaqlara sevgi, hörmət, dürüstlük və ədalət kimi ümumbəşəri dəyərləri dini çərçivəylə deyil, hekayələr və simvollar vasitəsilə öyrətmək daha məqsədəuyğundur”.

İlham Əhmədov vurğulayır ki, uşaqlara dini təzyiq edilməməlidir:"Uşaqlar dini inanca məcbur edilməməlidir, əks halda bu onların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Dinə maraq uşağın daxilindən gəlməli və elmi biliklər vasitəsilə formalaşdırılmalıdır”.

Ekspert qeyd edir ki, bu işdə əsas rol ailəyə düşür:"Uşağın ilk dini təcrübələri evdə, valideynlərin nümunəsi ilə formalaşır. Valideyn yaşa uyğun dini hekayələr və sadə izahlarla ilkin bilikləri təqdim edə bilər".

O həmçinin məktəbin rolunu izah edir:"Bizdə din məktəbdən ayrıdır. Məktəb informativ və neytral yanaşma təqdim etməli, müxtəlif dinlərin əsas prinsipləri, tarixi və mədəni rolu öyrədilə bilər. Uşağa din zorla qəbul etdirilə bilməz. Məktəb tolerantlıq və pluralizm anlayışını öyrədə bilər”.

Ekspert KİV-in rolunu da qeyd edir:"KİV dini bilikləri yanlış və manipulyativ şəkildə verməməlidir. Uşaqlar üçün təhsil proqramları, TV kanalları və internet saytları sadə, əyləncəli və etik qaydalara uyğun olmalıdır”.

Nəticə olaraq İlham Əhmədov deyir ki, uşaqlara dini biliklərin verilməsində ailə və məktəb birgə rol oynamalıdır:"Ailə dini təcrübəni sevgi və nümunə vasitəsilə təqdim etməli, məktəb isə obyektiv məlumat və tarixi-mədəni kontekst təqdim etməlidir. KİV yalnız əlavə resurs kimi çıxış edə bilər”.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...