Modern.az və Nar şirkətinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş gənclər bir araya gəldilər. Görüşdə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, gənclərin bilik, bacarıq və dünyagörüşünün inkişafı yalnız onların şəxsi uğurlarına deyil, bütövlükdə Azərbaycanın gələcəyinə xidmət edir.
“Tehsil365” xəbər verir ki, Ceyhun Məmmədov bu barədə öz rəsmi səhifəsində paylaşım edib və görüş zamanı təhsil sahəsində həyata keçirilən dövlət siyasətinin verdiyi nəticələrdən danışaraq gənclərin üzərinə düşən xüsusi məsuliyyəti vurğulayıb: “Biz bu gün yalnız uğurlu tələbələri deyil, sabahın liderlərini yetişdiririk”.
Görüş zamanı yüksək nəticə göstərmiş gənclər mükafatlarla təltif olunub. Deputat qeyd edib ki, bu kimi təşəbbüslər gənclərin motivasiyasını artırmaqla yanaşı, onların öz güclərinə inamını möhkəmləndirir və gələcək nailiyyətləri üçün möhkəm zəmin yaradır.
Təşkilatçılara dərin təşəkkürünü bildirən deputat vurğulayıb ki, belə layihələr yalnız fərdi uğurları deyil, həm də milli inkişafı təmin edən, cəmiyyətə dəyər qatan addımlardır.