Sentyabrın 9-da ABŞ və Böyük Britaniyada təhsil sahəsində aparılan son araşdırmaların nəticələri ictimaiyyətə təqdim olunub.
“Tehsil365” xəbər verir ki, ABŞ-da keçirilən Milli Təhsil Qiymətləndirmələri Proqramının (NAEP) 2024-cü il üzrə nəticələri məktəblilərin bilik səviyyəsində ciddi geriləməni üzə çıxarıb. Belə ki, 12-ci sinif şagirdlərinin riyaziyyat və oxu üzrə göstəriciləri proqramın fəaliyyətə başladığı vaxtdan bəri ən aşağı həddə düşüb. Riyaziyyatda yalnız 22 faiz, oxuda isə 35 faiz şagirdin “yeterli” səviyyəyə çatdığı qeyd olunub. Mütəxəssislər pandemiya dövründə tədrisin dayanmasının, məsafədən təhsilin və sosial faktorların bu vəziyyətə təsir göstərdiyini bildirirlər.
Böyük Britaniyada isə Milli Statistika İdarəsi və Loughborough Universitetinin birgə araşdırması məktəbə davamiyyətin uşaqların psixoloji sağlamlığına təsirini ortaya qoyub. Araşdırmaya görə, davamlı olaraq dərslərə qatılmayan şagirdlərdə psixi sağlamlıq problemlərinin yaranma ehtimalı əhəmiyyətli dərəcədə yüksəkdir. Xüsusilə qızlar və xüsusi təhsil ehtiyacı olan uşaqlar bu baxımdan daha çox risk altında hesab olunurlar.
Hər iki ölkədə əldə olunan nəticələr təhsil sistemlərində mövcud çağırışların həlli üçün yeni yanaşmaların vacibliyini göstərir.

