Son illərdə təhsil sahəsində həyata keçirilən ardıcıl islahatlar və müəllimlik peşəsinin nüfuzunun artması abituriyentlərin seçimlərinə də müsbət təsir göstərir. Qəbul imtahanlarında yüksək nəticə əldə edən gənclər arasında müəllimlik ixtisasına maraq getdikcə artır.
“Tehsil365” xəbər verir ki, müəllim hazırlığı üzrə ixtisaslaşmış əsas ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dərs prosesinin məzmununun zənginləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi, tələbələrin əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarla yetişdirilməsi istiqamətində görülən məqsədyönlü işlər nəticəsində universitet abituriyentlərin seçimində öncül mövqedədir.
Artıq bir neçə ildir ki, qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin ADPU-ya üstünlük verməsi ənənəyə çevrilib. 2025/2026-cı tədris ili üzrə qəbul göstəriciləri də bunu təsdiqləyir. Belə ki, 600-dən yuxarı bal toplamış 5 abituriyent ADPU-da təhsil almağı seçib. Onlardan 4-ü universitetin fakültələrində, 1 nəfəri isə Şəki filialında təhsil alacaq.
Yüksək nəticə göstərən tələbələr arasında Bakı şəhəri S. Abbasov adına 117 nömrəli tam orta məktəbin məzunu Nuray Cavid qızı Mehtizadə də var. O, 619 balla ADPU-nun Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasına qəbul olub.
Bakı şəhəri F. Bayramov adına 22 nömrəli tam orta məktəbin məzunu Aysun Elman qızı Əhmədli isə 607,7 balla universitetin Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasını seçib.
Masallı rayonu M.Qarayev adına Sığınacaq kənd tam orta məktəbinin məzunu Mehti Ramil oğlu Şahbazov da qəbul imtahanında 604,4 bal toplayaraq ADPU-nun Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasına qəbul olunub.

