Fransada fəaliyyət göstərən Türkiyə və Azərbaycan Dərnəyi (ATA) Laval şəhərində keçirilən “Assosiasiyalar və Könüllülük Forumu”nda iştirak edib.
“Tehsil365” xəbər verir ki, Laval Şəhər Bələdiyyəsinin təşkil etdiyi tədbirə müxtəlif sahələrdə fəaliyyət göstərən 200-ə yaxın təşkilat qatılıb. Forumda Türkiyə və Azərbaycan Dərnəyinin həyata keçirdiyi layihələr, gələcək fəaliyyət planları, üzvlük imkanları haqqında ətraflı məlumat verilib. Hər iki xalqın zəngin mədəni irsi, adət-ənənələri və sənət nümunələri ziyarətçilərin böyük marağına səbəb olub. Bu təqdimatlar yerli icma ilə mədəni dialoqun qurulmasına şərait yaradıb.
"Bu, bizim üçün yerli icma ilə birbaşa təmas qurmaq, fəaliyyətimizi tanıtmaq və zəngin adət-ənənələrimizi bölüşmək baxımından əvəzsiz fürsətdir," – bu fikirləri Türkiyə və Azərbaycan Dərnəyinin rəhbəri Mirzə Məmmədov formula bağlı çıxışı zamanı bildirib.
Forum çərçivəsində şagirdlərin ağac üzərində hazırladıqları oyma əl işləri yerli gənclərin sənətə və mədəniyyətə verdiyi töhfənin bariz nümunəsi olub.
Qeyd edək ki, Türkiyə və Azərbaycan Dərnəyi (ATA) 2019-cu ildə təsis edilib. Dərnək Türkiyə və Azərbaycan mədəniyyətlərinin tanıdılması, mədəni əlaqələrin təşviqi və müxtəlif icmalar arasında dostluq körpülərinin qurulması istiqamətində fəaliyyət göstərir.