Milli Məclisin deputatı Ceyhun Məmmədov informasiya təhlükəsizliyi mövzusuna diqqət çəkib.
“Tehsil365” xəbər verir ki, deputat öz rəsmi səhifəsində yaydığı açıqlamada bildirib ki, informasiya bu gün sadəcə məlumat ötürmə vasitəsi deyil, ən güclü strateji silah kimi istifadə olunur. Onun sözlərinə görə, yalan və ya təhrif edilmiş məlumatlar təkcə fərdlərə deyil, bütövlükdə cəmiyyətə ciddi zərər verə bilər.
Ceyhun Məmmədov qeyd edib ki, informasiya müharibəsi bəzən silahlı qarşıdurmalardan da təhlükəli olur. O, İkinci Qarabağ Müharibəsi zamanı düşmən qüvvələrinin saxta xəbərlər yayaraq cəmiyyətin psixoloji durumuna təsir göstərməyə çalışdığını xatırladıb. Lakin dövlətin koordinasiyalı fəaliyyəti və doğru informasiya siyasəti nəticəsində bu cəhdlər uğursuz olub.
Deputat vurğulayıb ki, regionda və dünyada baş verən proseslər bir daha göstərir: informasiya təhlükəsizliyi milli təhlükəsizliyin vacib tərkib hissəsidir. Buna görə də hər bir vətəndaş paylaşdığı məlumatın mənbəyini yoxlamalı, yalnız rəsmi və etibarlı xəbərlərə güvənməli, təxribat xarakterli yazılara alət olmamalıdır.
Onun sözlərinə görə, informasiya silahı ya gücümüzü artırır, ya da əleyhimizə çevrilir: “Seçim bizim əlimizdədir. Gəlin, birlikdə diqqətli olaq, dövlətimizin maraqlarını və xalqımızın təhlükəsizliyini qoruyaq”.