Prezident Donald Tramp bazar ertəsi bildirib ki, Təhsil Departamenti yaxın zamanda dövlət məktəblərində dua hüququ ilə bağlı yeni qaydalar tətbiq edəcək.
“Tehsil365” “Associated Press”ə istinadən xəbər verir ki, Vaşinqtondakı Müqəddəs Kitab Muzeyində çıxış edən Tramp deyib ki, “Amerika məktəblərində dini azadlığa ciddi təhdidlər var”.
“Ölkəmizin tarixinin əksər dövrlərində hər sinifdə Müqəddəs Kitab var idi, lakin bu gün bir çox məktəbdə şagirdlər əks-dini təbliğatla qarşılaşır və bəzən dini inanclarına görə cəzalandırılır. Çox, çox sərt cəzalandırılırlar,” Tramp bildirib. “Bu isə gülüncdür”.
Tramp yeni qaydaların nələri əhatə edəcəyini açıqlamayıb, lakin 2024-cü il kampaniyası zamanı dövlət məktəblərinə “dualara qayıtmaq” vədini vermişdi.
Təhsil Departamentinin mətbuat katibi Savanna Nyuhauz POLITICO-ya açıqlamasında deyib: “Təhsil Departamenti ölkə üzrə məktəblərdə dini azadlığı təşviq etmək üçün Prezident Trampın vizyonunu dəstəkləməyə hazırdır”.
Dini təhsil dövlət məktəblərində qadağan olunmasa da, Ali Məhkəmə 1962-ci ildə dövlət dəstəyi ilə duaların ictimai məktəblərdə keçirilməsinin Birinci Düzəlişə zidd olduğunu qərara alıb.
Tramp ilk dönəmində yerli təhsil idarələrinə federal maliyyə dəstəyi almaq üçün şagirdlərin dini inanclarını ifadə etməsinə mane olan siyasətləri olmadığını təsdiqlətməyi tələb etmişdi. O həmçinin yeni qaydalarla şagirdlərin dua qrupları təşkil edə biləcəyini, tapşırıqlarda dini inanclarını ifadə edə biləcəyini və dərs xaricində dini mətnləri oxuya və dua edə biləcəyini açıqlamışdı. Bu qaydalar keçmiş Prezident Corc W. Buş dövründə 2003-cü ildə tətbiq olunan qaydalara bənzəyirdi.
Bazar ertəsi Tramp Yəhudi-Xristian prinsiplərini qoruyacağını vəd edib.
“Amerikada dini bərpa etməliyik, onu daha güclü şəkildə geri gətirməliyik, ölkəmiz isə getdikcə güclənir. Böyük bir ölkə olmaq üçün dini olmalıdır,” Tramp deyib.