Təhsil 365 - Logo Mobile

Azərbaycan xalça sənətinə müasir baxış: Faiq Əhməd sərgisi açılıb

10612.09.2025 - 07:48
Azərbaycan xalça sənətinə müasir baxış: Faiq Əhməd sərgisi açılıb

Bakı, 11 sentyabr 2025 – Azərbaycan Milli Xalça Muzeyində tanınmış müasir rəssam Faiq Əhmədin “2011–2024-cü illər dövrü” adlı fərdi sərgisinin açılışı olub.

“Tehsil365” xəbər verir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxış edərək, rəssamın yaradıcılıq yolundan, Azərbaycan xalça sənətinin dünyada təbliği istiqamətindəki uğurlarından və sərginin əhəmiyyətindən danışıblar.

Ənənəvi xalça sənətinə innovativ yanaşması ilə tanınan Faiq Əhməd qədim milli irsi müasir düşüncə, fəlsəfə və texnologiya ilə sintez edərək beynəlxalq incəsənət aləmində böyük rezonans doğurub. Sərgidə müəllifin tekstil sənətinə yanaşmasının zaman və mədəniyyət kontekstində dəyişimini əks etdirən “Sosial anatomiya” (2016) və “Sən müqəddəssən” (2024) adlı videoçarxlar da təqdim olunur.

Faiq Əhmədin əsərləri indiyədək Ağa Xan Muzeyi (Toronto), Corc Vaşinqton Universitetinin Tekstil Muzeyi (Vaşinqton), Viktoriya və Albert Muzeyi (London), Viktoriya Milli Qalereyası (Melburn), Roma Müasir İncəsənət Muzeyi, Qədim və Müasir İncəsənət Muzeyi (Tasmaniya) və digər nüfuzlu mədəniyyət ocaqlarında nümayiş etdirilib. Onun əsərləri həmçinin Heydər Əliyev Mərkəzi (Bakı), De Young İncəsənət Muzeyi (San-Fransisko), Birminhem İncəsənət Muzeyi (Alabama), Elm və Tətbiqi İncəsənət Muzeyi (Sidney), Çikaqo İncəsənət İnstitutu, Los-Anceles İncəsənət Muzeyi kimi mötəbər kolleksiyalara daxil edilib.

2007-ci ildən ənənəvi xalça naxışlarını müasir interpretasiya ilə təqdim edən rəssamın yaradıcılığı müxtəlif ölkələrdə geniş rəğbət qazanıb.

Sərgi 30 dekabr 2025-ci il tarixinədək davam edəcək.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...