Azərbaycan bəstəkarlıq məktəbinin banisi, görkəmli sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə incəsənət təhsilində fərqlənən müəllimlərin əməyini qiymətləndirmək üçün yeni mükafat təsis olunub.
Abșeron-Xızı regional mədəniyyət idarəsindən “Tehsil365”ə məlumat verilib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə layihəsi çərçivəsində həyata keçiriləcək “Üzeyir Hacıbəyli Mükafatı” musiqi və incəsənət məktəbləri, mərkəzlərinin pedaqoji fəaliyyətində xüsusi nailiyyətlər əldə etmiş müəllimlərə təqdim ediləcək.
Məlumata görə, ümumilikdə 25 müəllim müxtəlif sahələr üzrə mükafatlandırılacaq. Namizədlərin seçimi iki mərhələdən ibarət müsabiqə yolu ilə aparılacaq. Birinci mərhələdə təqdim edilən sənədlər ekspertiza olunacaq, ikinci mərhələdə isə namizədlər ixtisasları üzrə açıq dərs təqdim edəcəklər.
Namizədlərin fəaliyyəti Ekspert Komissiyası tərəfindən qiymətləndiriləcək, mübahisəli məsələlərə isə Apellyasiya Komissiyası baxacaq. Nəticələrə əsasən, ən yüksək bal toplayan 25 müəllim “Üzeyir Hacıbəyli Mükafatı”na layiq görüləcək.