Təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, müəllimlər yalnız bilik ötürən deyil, eyni zamanda şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayan nümunəvi şəxsiyyət sayılır. Onun sözlərinə görə, müəllimin şəxsi dini inanclarının tədris prosesinə təsiri məsələsinə balanslı yanaşmaq vacibdir.
Ekspertin fikrincə, dini dəyərlərə sadiqlik müəllimin davranışlarında dürüstlük, ədalət, mərhəmət kimi keyfiyyətlər vasitəsilə özünü göstərə bilər və bu da şagirdlər üçün müsbət örnək ola bilər. Bu yanaşma həmçinin təhsil prosesində humanist münasibəti gücləndirə bilər.
Bununla yanaşı, Rizvan Fikrətoğlu qeyd edib ki, müəllimin açıq şəkildə şəxsi dini inancını dərs prosesinə gətirməsi müxtəlif düşüncə və inanca sahib şagirdlərdə narahatlıq yarada, ayrı-seçkilik və təzyiq hissinə səbəb ola bilər:“Dərs mühiti bütün şagirdlər üçün neytral və bərabər olmalıdır. Müəllimin şəxsi inancı ön plana çıxarsa, bu balans pozula bilər”.
Ekspert hesab edir ki, ən düzgün yol müəllimin dini inancını tədris məzmununa qatmadan, həmin inanclardan qaynaqlanan etik və mənəvi dəyərləri davranış və münasibətləri ilə nümayiş etdirməsidir. Onun sözlərinə görə, müəllimin tolerantlıq, hörmət və müstəqil düşünmə bacarığını aşılamaq yönündə nümunə olması daha sağlam yanaşmadır.