Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və Mil-Muğan regionları üzrə musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyasının nəticələrinə əsasən təşkil edilən təlimlərin üçüncü mərhələsinə başlanılıb.
Abșeron-Xızı regional mədəniyyət idarəsindən “Tehsil365”ə məlumat verilib ki, mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən təlimlər sentyabrın 12-dən Bakı şəhərindəki Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində davam edir. Xor-dirijorluğu, vokal, violin, klarnet, fleyta və rəssamlıq ixtisasları üzrə 40-a yaxın müəllim təlimlərə cəlb olunub.
Bir aydan artıq davam edəcək proqram çərçivəsində iştirakçılara fərdi və qrup tədris metodları, interaktiv dərs modelləri, eləcə də yeni təhsil texnologiyalarından istifadə imkanları təqdim olunur. Təlimlərə pedaqoji təcrübəyə malik ixtisaslı müəllimlər və mütəxəssislər cəlb edilib.
Təlimin ilk günündə MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov və MİHİ-nin şöbə müdiri Mehman Məhərrəmov prosesi izləyərək müəllimlərə uğurlar arzulayıblar.
Təlimlər müəllimlərin yaradıcılıq potensialının inkişafına, peşəkar inkişafının dəstəklənməsinə və tədris keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.
Qeyd olunub ki, bu ilin may-iyul aylarında fortepiano və musiqi nəzəriyyəsi, avqust-sentyabr aylarında isə tar, kamança, qarmon, xanəndə və nağara ixtisasları üzrə keçirilən təlimlərə ümumilikdə 200-ə yaxın müəllim qatılıb.