Təhsil 365 - Logo Mobile

Sumqayıtın tarixi ilə bağlı maraqlı fakt

10514.09.2025 - 07:14
Sumqayıtın tarixi ilə bağlı maraqlı fakt

Arxiv materialları və dövrün mətbuatında yer alan məlumatlara əsasən, Sumqayıt şəhərinin salınmasının nəzəri bazası rəsmi tarixdən daha əvvəl - hələ 1930-cu illərdə formalaşdırılmışdır.

“Tehsil365” xəbər verir ki, 1934-cü ildə SSRİ-də nəşr olunan “Планировка и строительство городов” jurnalında Abşeron yarımadasının baş planı dərc edilmişdir. Həmin xəritədə Bakı ilə yanaşı, Hovsan, Mərdəkan, Bilgəh və digər yaşayış məntəqələri ilə bərabər Sumqayıt ayrıca sənaye və yaşayış mərkəzi kimi göstərilmişdir. Bu fakt Sumqayıtın Sovet urbanizmi çərçivəsində öncədən nəzərdə tutulmuş planlı şəhərlərdən biri olduğunu təsdiqləyir.

Sovet rəhbərliyi 1930-cu illərdə Abşeronu ağır sənaye mərkəzinə çevirmək qərarı qəbul etmişdi. Bu məqsədlə Abşeronda ikinci böyük sənaye şəhərinin salınması planlaşdırıldı. İlk tikinti işlərinə 1938-ci ildə başlanılsa da, İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq işlər dayandırıldı. Yalnız 1944-cü ildə, müharibənin son mərhələsində, tikinti prosesi yenidən bərpa edildi.

Şəhərin baş planı isə daha sonrakı illərdə dəqiqləşdirildi. 1948-ci ildə Moskvadakı layihə institutlarından birində Sumqayıtın sənaye şəhəri kimi baş planı hazırlanmış, yaşayış zonalarının layihələşdirilməsi isə Azərbaycan Dövlət Baş Layihə İnstitutuna həvalə edilmişdi. 1947–1949-cu illərdə işlənib hazırlanan bu layihənin müəllifləri Saburov, İsayev və Brjesinskaya olmuşdur.

Nəhayət, 1949-cu ildə Sumqayıta rəsmi şəhər statusu verildi. Beləliklə, 1934-cü ildə planlaşdırma sənədlərində adı çəkilən Sumqayıt 15 ildən sonra reallığa çevrilərək planlı şəkildə salınmış sənaye şəhərlərindən birinə çevrildi.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...