Sentyabrın 13-də Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric məktəbinin akademik heyətinin peşəkar inkişafını dəstəkləmək məqsədilə təlim təşkil olunub.
Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, təlim Bakı-Oksford məktəbinin tam orta təhsil üzrə direktor müavini və kurikulum rəhbəri, Kembric kurikulumu üzrə ixtisaslaşmış Dr. Rəna Ələsgərova tərəfindən aparılıb. Təlimin əsas məqsədi müəllim heyətinin Kembric metodologiyası, tədris sistemi və imtahan standartları ilə bağlı biliklərini daha da dərinləşdirmək olub.
Tədbirdə Beynəlxalq Kembric Məktəbinin hazırkı və bu ildən fəaliyyətə başlayacaq ümumilikdə 20-dən çox müəllimi iştirak edib. Təlim zamanı effektiv dərs planlaşdırılması, Kembric standartlarına uyğun formativ və summativ qiymətləndirmə, Kembric imtahanlarının keçirilməsi, ümumi resursların tətbiqi və Kembric platformasından səmərəli istifadə mövzuları müzakirə olunub.
Qeyd edək ki, təlim sentyabrın 14-də də davam edəcək və sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.