Mingəçevir Dövlət Universitetinin xarici dillər kafedrasının 7 müəllimi TKT Module 1 imtahanında iştirak ediblər.
Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, onların peşəkar inkişaf yolunda atdığı bu addım universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Bildirilib ki, ingilis dili müəllimlərinin fədakar əməyi və səyləri tələbələrin gələcək uğurlarına da birbaşa töhfə verir.
Eyni zamanda, "İngilis dilinin qiymətləndirilməsi və tədrisi" layihəsi çərçivəsində MDU-nun 40 əməkdaşı ödənişsiz peşəkar ingilis dili kursuna qoşulacaq. Oktyabrın 6-dan başlayacaq təlimlər British Council, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və MDU əməkdaşlığı ilə həyata keçiriləcək. Proqram 160 akademik saatlıq hibrid formatda təşkil olunacaq.
Qeyd olunub ki, bu təşəbbüslər MDU-nun beynəlxalq standartlara uyğun tədris mühitinə doğru inamlı addımlarının göstəricisi hesab olunur.