Amerikan yazıçısı Ernest Vincent Wright 1939-cu ildə ədəbiyyat tarixində nadir hadisəyə imza atıb. Onun yazdığı “Gadsby” adlı romanda 50 mindən çox söz var, lakin bir dənə də olsun “E” hərfi işlədilməyib.
“Tehsil365” xəbər verir ki, bu əsər “lipogram” adlanan ədəbi üsulla yazılıb. Lipogram — mətnin içində müəyyən bir hərfin və ya hərflərin qəsdən istifadə olunmaması deməkdir. Ən çox işlədilən saitlərdən biri olan “E” hərfini çıxarmaq isə yazıçının qarşısına çox böyük çətinliklər qoyub.
Wrightın qeyri-adi təcrübəsi həm ədəbi eksperiment, həm də dilin imkanlarını göstərən maraqlı bir nümunə hesab olunur. Tənqidçilər əsəri bədii dəyərindən çox onun texniki ustalığına görə qiymətləndirirlər.
Ən maraqlısı isə odur ki, “E” hərfi ingilis dilində ən çox işlədilən hərfdir. Buna baxmayaraq, Wright bu məhdudiyyətlə tam bir roman ortaya çıxarmağı bacarıb.
“Gadsby” bu gün də dilçilik və ədəbiyyatsevərlər üçün unikal bir fenomen kimi dəyərləndirilir.