Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və Qazax-Tovuz regional təhsil idarəsinin müdiri Vüqar Dadaşov sentyabrın 15-də Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbində keçirilən “Bilik Günü” tədbirində iştirak ediblər.
Qazax-Tovuz regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə idarə və sektor əməkdaşları, şəhid ailələri, valideynlər və şagirdlər iştirak ediblər. Çıxış edənlər yeni tədris ili münasibətilə müəllim və şagirdləri təbrik edərək uğurlar arzulayıblar.
Məlumat verilib ki, Əhməd Cavad adına məktəbin inzibati binası 1965-ci ildə inşa olunub. 2023-cü ilin dekabrında başlanan əsaslı təmir işləri nəticəsində 2025-ci il sentyabrın 15-də məktəbin əsas korpusu şagirdlərin istifadəsinə verilib. Hazırda 550 yerlik 22 sinif otağı, idman zalı və idman meydançasından ibarət yardımçı binanın tikintisi davam etdirilir.
Hazırda məktəbdə 1163 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 83 pedaqoji işçi məşğuldur.