Son illərdə cəmiyyətdə falçılara və müxtəlif rituallara müraciət edənlərin sayı artmaqdadır. Psixoloq Fəridə Musəvi bu meylin arxasında duran psixoloji səbəblərə aydınlıq gətirib.Onun sözlərinə görə, bu inamın kökündə insanın özünə güvənsizliyi, mərkəzi sinir sisteminin zəifliyi və həyatda baş verəcək hadisələri əvvəlcədən bilmək arzusu dayanır.
“Tehsil365”ə açıqlama verən mütəxəssis bildirib ki, insanlar maariflənib psixoloji dəstək alsalar, öz üzərlərində işləsələr və fərqindəlik qazansalar, həyatlarını daha sağlam və düzgün istiqamətdə qura bilərlər. Lakin çoxları daha asan yolu seçərək falçılardan, “möcüzəvi” rituallardan medət umurlar. Bu isə onların həm maddi, həm də mənəvi baxımdan zərər çəkməsinə gətirib çıxarır.
“İnsanlar bəzən elə bilirlər ki, sehrli bir dəyənək var və bu sehr onların bütün arzularını həyata keçirə bilər. Psixoloqa müraciət edənlər də çox vaxt ‘elə bir üsul de ki, sevgilim geri qayıtsın’ kimi yanaşmalarla gəlirlər. Halbuki insan öncə öz davranışlarını, münasibətlərini və seçimlərini analiz etməli, nəyin doğru, nəyin isə yanlış olduğunu anlamalıdır. Ola bilsin ki, həmin münasibətin bitməsi onun üçün daha faydalıdır. Fərqindəlik olmadan problem həll edilmir, insanlar isə təəssüf ki, daha asanına qaçır və sehrbazlıqla məşğul olanlara üz tuturlar,” – deyə psixoloq vurğulayıb.
Fəridə Musəvi həmçinin “parapsixologiya” mövzusuna da toxunub. Onun sözlərinə görə, parapsixologiya adı altında insanlara saxta elm sırınır və bu, bir çoxlarını aldadır: “Əslində parapsixologiya deyilən bir elm yoxdur. Sadəcə bəzi mərkəzlər bu adı daşıyaraq insanları cəlb etməyə çalışır. Onlar guya xüsusi tədris mərkəzləri və ya universitetlər açıblar. Hətta orada maya təqvimi və müxtəlif mistik bilgilər öyrədilir. Amma bunların heç birinin elmi əsası yoxdur”.
Psixoloq əlavə edib ki, falçılar insanların şüuraltı düşüncələrini öyrənmək üçün müxtəlif üsullardan istifadə edirlər: “Onlar insanı danışdırır, onun emosiyalarını, həyəcanını izləyir və sadə ipuclarını özlərinə əsas götürərək inandırıcı cümlələr qururlar. Bu səbəbdən insan falçının dediklərinə inanır. Amma gələcəyi Allahdan başqa heç kim bilə bilməz”.
Musəvinin fikrincə, falçılara müraciət edən insanlar yalnız ümidlərini itirməklə kifayətlənmirlər, həm də külli miqdarda maddi itkilərə məruz qalırlar. “Ən maraqlısı isə odur ki, falçıların öz həyatı çox vaxt bərbad vəziyyətdə olur. Bu zaman sual yaranır: əgər onların həqiqətən sehrli gücü varsa, niyə öz həyatlarını düzəltmirlər? Adətən belə hallarda falçılar cavab verir ki, ‘bizim gücümüz var, amma özümüzə tətbiq edə bilmirik’. Halbuki onlar həqiqətən güclü olsaydılar, öz həyatlarını da yoluna qoya bilərdilər,” – deyə mütəxəssis qeyd edib.
Psixoloqun fikrincə, əsas çıxış yolu insanların fərqindəlik qazanması və öz üzərlərində işləməsidir. Problemlərin həlli üçün real yanaşma və psixoloji dəstək daha faydalıdır: “İnsan özünü tanıyanda, daxili gücünü tapanda və psixoloji sabitlik əldə edəndə falçıya və ya rituala ehtiyac duymur. Həyatın sirrini falçılarda deyil, özündə və düzgün yanaşmada axtarmaq lazımdır”.