Qusar rayonunun Cibir kəndində inşası başa çatdırılan 264 şagird yerlik tam orta ümumtəhsil məktəbinin yeni binası istifadəyə verilib.
Quba-Xaçmaz regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, açılış mərasimində Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil sektorunun əməkdaşları, müəllimlər, şagirdlər və şəhid ailələri iştirak ediblər.
Rəsmi şəxslər çıxışlarında 15 sentyabrın önəmini vurğulayaraq, yeni məktəb binasının regionda təhsilin inkişafına böyük töhfə verəcəyini bildiriblər. Qeyd edilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən xüsusi diqqət və qayğının nəticəsi olaraq ölkədə müasir tipli məktəblərin inşası geniş vüsət alıb.
Şəhid ailələrinin nümayəndələri isə dövlət rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, yeni məktəbin gələcək nəsillərin savadlı və vətənpərvər ruhda yetişməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər.
Müasir standartlara uyğun tikilən məktəbdə 13 sinif otağı, 1 məktəbəqədər hazırlıq otağı, 2 laboratoriya, 2 texnologiya otağı, 1 informatika kabineti və 1 hərbi hazırlıq kabineti fəaliyyət göstərəcək.
Həmçinin, 1 kitabxana oxu zalı, 84 yerlik akt zalı, yeməkxana, idman zalı və açıq idman meydançası istifadəyə verilib.
Yeni təhsil müəssisəsinin istifadəyə verilməsi Cibir kəndi və ətraf yaşayış məntəqələrində yaşayan şagirdlərin keyfiyyətli təhsilə çıxışını təmin edəcək, onların intellektual, fiziki və sosial inkişafına mühüm töhfə verəcək.