Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 15-də Şabran rayonu Rəhimli kəndində fəaliyyət göstərən məscidlərdə olub və din xadimləri ilə görüş keçirib. Görüş zamanı dini maarifləndirmə tədbirlərinin davam etdirilməsi və dövlət-din münasibətlərinin inkişafı istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib.
“Tehsil365” xəbər verir ki, bu barədə dini qurumlarla iş üzrə dövlət komitəsi rəsmi səhifəsində paylaşım edib.Ramin Məmmədov diqqətə çatdırıb ki, dini icmaların fəaliyyəti şəffaf və qanunvericiliyə uyğun şəkildə təşkil edilməli, cəmiyyət arasında dini maarifləndirmə işləri davamlı şəkildə aparılmalıdır. Dövlətin bu sahədəki siyasəti milli-mənəvi dəyərlərin qorunması və dini tolerantlığın təşviqi məqsədi daşıyır.
Görüşdə həmçinin yerli dini icmaların fəaliyyətinin təşkili, ibadət yerlərinin qaydalara uyğun işləməsi və dini ayinlərin düzgün icrası ilə bağlı məsələlər müzakirə olunub. Komitə sədri din xadimlərinin maarifləndirici fəaliyyəti və cəmiyyətə verdikləri töhfələrin önəmini vurğulayıb.
Dövlət-din münasibətlərinin inkişaf etdirilməsi və dini maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində müntəzəm tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.