Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yeni tədris ilinin başlanması münasibətilə iclas keçirilib.
“Tehsil365” “İlahiyyat İnstitutu”na istinadən xəbər verir ki, Aİİ rektoru, dosent Aqil Şirinov yeni tədris ilinin başlanması münasibətilə ali təhsil müəssisəsinin kollektivini təbrik edib, işlərində uğurlar arzulayıb. Rektor qarşıda duran hədəf və məqsədlər barədə danışıb.
İnstitut rəhbəri 2025/2026-cı tədris ilində ali təhsil müəssisəsinin hər iki ixtisası üzrə plan yerlərinin tam dolduğunu, eyni zamanda, qəbul ballarının bu il daha da yüksəldiyini xüsusi vurğulayıb.İnstitut rəhbəri ali təhsil müəssisəsinin elmi siması olan Din Araşdırmaları Jurnalının DOAJ elmi bazasına daxil edilməsi münasibətilə təbriklərini bildirib. A.Şirinov qeyd edib ki, İnstitutun elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan Din Araşdırmaları Jurnalının dünyanın nüfuzlu jurnalları sırasında olması əsas məqsədlərimizdən biridir.
Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalov tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, elmi axtarışlara sövq edilməsi məqsədilə İnstitut heyətinin aktiv olmasının zəruriliyinə diqqət çəkib. M.Camalov vurğulayıb ki, akademik motivasiya təhsilalanların məqsədlərinə nailolma yolunda mühüm hərəkətverici qüvvədir.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin magistratura və doktorantura səviyyəsinə qəbulla bağlı məlumatları diqqətə çatdırıb.
M.Mürsəlov daha sonra Aİİ-nin elmi nəşrləri, xarici əlaqələri və mətbuatla bağlı fəaliyyəti, “Müasir din təhsili modelləri mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçiriləcək beynəlxalq simpoziuma hazrılıq prosesi barədə fikirlərini səsləndirib.