Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təsisçisi olduğu Din Araşdırmaları Jurnalı DOAJ (Directory of Open Access Journals) beynəlxalq elmmetrik bazasına daxil edilib.
“Tehsil365” “İlahiyyat İnstitutu”na istinadən xəbər verir ki, jurnal Azərbaycandan sosial elmlər sahəsi üzrə DOAJ-a qəbul edilən ilk nəşrdir.
DOAJ – Açıq Giriş üçün İnfrastruktur Xidmətləri (Infrastructure Services for Open Access, IS4OA) tərəfindən idarə olunan müstəqil, qeyri-kommersiya təşkilatıdır. Bu elmi bazanın məqsədi elmi və akademik jurnallara açıq girişi asanlaşdırmaq, onların təsir dairəsini genişləndirmək və təşviq etməkdir.DOAJ “Scopus”, “Web of Science”, EBSCO kimi nüfuzlu elmi bazalarla, həmçinin “Creative Commons” qlobal şəbəkəsi, “Crossref”, “Cope”, “Cottage Labs LLP”, “DOAB”, “ISSN”, “Library Publishing Coalition” kimi bir çox elmi qurumlarla tərəfdaşlıq edir.
Aİİ-nin Din Araşdırmaları Jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi jurnallar qarşısına qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur və elektron formatda yayımlanır.Din Araşdırmaları Jurnalı 2018-ci ilin dekabr ayından etibarən çap olunur, 2020-ci ildən isə Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib. Jurnal 2023-cü ildən etibarən elektron formada məqalə qəbul etməyə başlayıb.
Jurnalın əsas məqsədi psixologiya və fəlsəfə üzrə, o cümlədən dinin tarixi, fəlsəfəsi, din sosiologiyası və din psixologiyası üzrə Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində hazırlanmış müstəqil tədqiqatları məqalə və resenziya kimi dərc edərək, beynəlxalq aləmdə bu istiqamətdə məlumatların, araşdırmaların artmasına töhfə verməkdir. Din Araşdırmaları Jurnalı qeyd edilən yöndə araşdırma aparan alimlər, ilahiyyatçılar, dinşünaslar, filosoflar, o cümlədən bu sahəyə marağı olan tələbələr, oxucular və qurumlar üçün nəzərdə tutulub.Jurnala elmi dərəcəsi olan xarici ölkə və yerli alimlərin, o cümlədən doktorantların, həmçinin magistrantların məqalələri qəbul edilir.
Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Pakistan, Qazaxıstan, İndoneziya və Malayziya kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdən ibarətdir.
Qeyd edək ki, elmi nəşrə göndərilən və qəbul edilən məqalələr üçün heç bir ödəniş tələb olunmur. Jurnalda dərc olunan hərməqalə üçün DOI (Digital Object Identifier) təsisçi tərəfindən təmin edilir. Müəllif məqaləsini göndərmək üçün Din Araşdırmaları Jurnalının saytında qeydiyyatdan keçib (https://journal.ait.edu.az/daj/user/register), şəxsi kabinet yaratmalıdır. Məqalələr yalnız sayt üzərindən qəbul edilir. Jurnala daxil olan məqalələrin dəyərləndirilməsi zamanı ən az iki xarici rəyçi - ikitərəfli anonim rəy prosesi tətbiq olunur. Müəllif məqaləsi ilə bağlı gedişatı saytda yaratdığı profil üzərindən izləmək imkanına malikdir.