ABŞ-də iki ayrı ailə süni intellekt (AI) şirkətlərinə qarşı məhkəmə iddiası qaldırıb. Valideynlər iddia edir ki, onların yeniyetmə övladları süni intellektlə uzunmüddətli söhbətlərdən sonra intihar edib.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Kaliforniyada 16 yaşlı Adam Rainenin valideynləri OpenAI-yə qarşı iddia qaldıraraq bildiriblər ki, ChatGPT oğlu ilə intihar haqqında söhbətlər aparıb, hətta intihar məktubu yazmaqda kömək edib.
Şimali Karolinadan olan 14 yaşlı Sewell Setzerin anası isə Character.AI şirkətini məhkəməyə verib. O, oğlunun platformada virtual xarakterlə emosional və seksual xarakterli əlaqə qurduğunu və intihar etməzdən əvvəl bu chatbotdan “təsəlli mesajları” aldığını deyib.
Məsələ ABŞ Konqresində də müzakirə olunub. Valideynlər süni intellekt şirkətlərindən daha sərt yaş məhdudiyyətləri, böhran anında real insan dəstəyi mexanizmlərinin tətbiqi və təhlükəsizlik sistemlərinin gücləndirilməsini tələb edir.
Şirkətlər isə cavab olaraq, təhlükəsizlik funksiyalarının gücləndiriləcəyini, yetkinlik yaşına çatmayanlar üçün xüsusi məhdudlaşdırılmış versiyalar üzərində işlədiklərini bildiriblər.