Qazaxıstan Respublikasına səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 17 sentyabr tarixində Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında iştirak etmişdir.
“Tehsil365” “Qafqaz Müsəlmanları İdarəsi”ə istinadən xəbər verir ki, nüfuzlu beynəlxalq dinlərarası dialoq platforması olan Dünya və ənənəvi Dinlərin VIII Qurultayının mövzusu “Dinlərin dialoqu – gələcək naminə sinerji”dir. 23 illik tarixə malik Astana Qurultaylarının daimi iştirakçısı və Qurultay Katibliyinin daimi üzvü olan Şeyxülislam A. Paşazadə ali tədbirdə çıxış etmişdir.
"Mötəbər toplantımızın iştirakçılarını səmimi salamlayır, Azərbaycan xalqının və dövlət lideri Zati-aliləri İlham Əliyev cənablarının salam və xeyir-dualarını Qurultay iştirakçılarına və qardaş qazax xalqına yetirməkdən şərəf duyur, Ulu Rəbbimizdən bəşər ailəsi naminə bütün səy və fəaliyyətlərimizə rəvac verməsini diləyirəm.
Dünyanın nüfuzlu dini liderlərinin ənənəvi zirvə görüşü olan Qazaxıstan Qurultayları beynəlxalq aləmdə öz önəmini iki onillikdən artıq müddət ərzində təsdiq etmişdir. Astana qurultaylarının müstəsna əhəmiyyəti dini liderlərlə siyasi, ictimai xadimlərin daimi fəaliyyətdə olan platforması olmasındadır. Belə bir bəşəri əhəmiyyətli ideyanın ərsəyə gəlməsi və davamlı mövcudluğunu təmin edən Qazaxıstan dövlətinə, onun müdrik siyasi rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istərdim. Zati-aliləri Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev cənablarının rəhbərliyi ilə Qazaxıstan tərəqqi və mənəvi inkişaf yollarında inamla irəliləyir. Əminik ki, Qazaxıstan dövləti dinlər və sivilizasiyalararası dialoqun inkişafı prosesində fəal rolunu bundan sonra da davam etdirəcəkdir.Hörmətli tədbir iştirakçıları! VIII Astana Qurultayının “Dinlərin dialoqu – gələcək naminə sinerji” mövzusunu gündəmə gətirməsi mühüm addımdır. Müharibələrin səngimədiyi dövrdə bizim hər birimizin, cəmiyyətin bütün zümrə və təbəqə nümayəndələrinin məsuliyyət payı vardır və biz bunu dərindən dərk edərək, nifrət çağırışlarının qarşısının alınması, insan qardaşlığı mühitinin inkişafı yönündə fəallığımızı artırmalıyıq. Dünyanın müxtəlif nöqtələrində günahsız insanların qətl və faciələrinə son qoyulması üçün mənəvi məsuliyyətimizdən çıxış etməli, beynəlxalq hüququn qüvvə və imkanlarından istifadə etməliyik. Daha bir narahatedici məqam süni intellektin həyatımıza nüfuz etməsi ilə bağlıdır. Rəqəmsal texnologiyaların hədsiz inkişafı dövründə bu yeniliklərin həyatımızın bütün sahələrinə sərhədsiz sirayət etməsi yeni imkanlarla yanaşı yeni təhdidlər gətirir. Bu məsələdə ən mühüm olan mənəvi-etik hədlərin gözlənilməsi, yaranma ehtimalı yüksək olan fəsadların önlənməsi məqamıdır.
Möhtərəm Qurultay iştirakçıları! Uca Yaradanın yaratdığı müqəddəs dəyər olan insan həyatının qorunması naminə dinlərin dialoq və əməkdaşlığı zəruridir. Bu əməkdaşlıq 2019-cu ildə Abu-Dabidə imzalanmış İnsan qardaşlığına dair sənədin ruhunda davam və inkişaf etməlidir.
Dini lider olaraq, bütün siyasət xadimlərinə müraciət edərək silahların susdurulmasına, barış mühitinin bərqararı naminə diplomatik səyləri dəstəkləməyə çağırıram. Şükürlər olsun, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti azad etdiyimiz ərazilərimizdə ekosid və mədəni-mənəvi irsimizə qarşı vandalizmin ağır nəticələrini aradan qaldıraraq genişmiqyaslı quruculuq işləri həyata keçirir. Bu əsnada, qardaş Qazaxıstan dövlətinə Füzuli şəhərində hədiyyə olaraq inşa etdirdikləri Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinə görə dərin təşəkkürlərimizi ifadə edirik.
Astana Qurultayının hər zamankı kimi yüksək səviyyədə təşkil olunmasına və qonaqpərvərliyə görə Qazaxıstan dövlətinə, onun rəhbərliyinə, məsul şəxslərə bir daha dərin minnətdarlığımı və ən xoş arzularımı yetirirəm. Uca Yaradan ölkələrimizdə daima sülh və əmin-amanlığı qərar versin, dünyanı hifz etsin! Amin! "