Təhsil 365 - Logo Mobile

Oklahoma Ali Məhkəməsi yeni sosial elmlər standartlarını dayandırdı

6118.09.2025 - 14:37
Oklahoma Ali Məhkəməsi yeni sosial elmlər standartlarını dayandırdı

Oklahoma Ali Məhkəməsi K–12 dövlət məktəbi şagirdləri üçün nəzərdə tutulmuş və 2020 seçkiləri ilə bağlı sui-qəsd nəzəriyyələrini əhatə edən yeni sosial elmlər standartlarının müvəqqəti olaraq qüvvəyə minməsinin qarşısını alıb.

“Tehsil365” “Associated Press”ə istinadən xəbər verir ki, ştatın ali məhkəməsi bazar ertəsi günü valideynlər və müəllimlər qrupunun yeni standartlara qarşı açdığı iddia davam edərkən müvəqqəti dayandırma qərarı çıxarıb. Məhkəmənin qərarına görə, iş araşdırıldığı müddətdə Təhsil Departamenti əvvəlki sosial elmlər standartlarını qüvvədə saxlamalıdır.

“Oklahomalıların hamısının şəffaflıq, ədalət və konstitusiya hüquqları üçün bu, bir qələbədir,” – deyə iddiaçılara hüquqi dəstək verən Oklahoma Appleseed təşkilatının hüquq direktoru Brent Rouland bildirib. “Hakimiyyət səlahiyyəti hesabatlılıqla gəlir və bu qərarlar xalqın gözü qarşısında qəbul edilməlidir”.

Valideynlər, müəllimlər və digər Oklahoma məktəb rəsmilərindən ibarət bir qrup yeni sosial elmlər standartlarını hazırladıqdan sonra, Respublikaçı Dövlət Təhsil Nəzarətçisi Rayan Volters onları yenidən işləmək üçün əsasən mühafizəkar düşüncə mərkəzlərindən olan ştatdan kənar ekspertlərdən ibarət icra komitəsi yaratdı. O bildirdi ki, məqsədi Amerikanın istisnalığını (American exceptionalism) daha çox vurğulamaq və Bibliyanı tədris resursu kimi daxil etməkdir.

Yeni standartlara həmçinin 2020 seçkiləri barədə yeni ifadələr və COVID-19 virusunun mənbəyinin Çin laboratoriyası olması kimi digər məqamlar əlavə edilib. Respublikaçıların çoxluq təşkil etdiyi Oklahoma Qanunvericilik Məclisinin rəhbərləri bu il standartları rədd etmək üçün qətnamə təqdim etsələr də, kifayət qədər Respublikaçı dəstək toplaya bilmədilər.

Çərşənbə axşamı açıqlamasında Volters Ali Məhkəməni “utandırıcı” adlandırıb və qərarın əksər oklahomalıların fikirlərinə uyğun olmadığını deyib.

“Xristianlıq, Amerikanın istisnalığı və mühafizəkar dəyərlər hücum altındadır və Oklahoma Ali Məhkəməsi bu hücuma rəhbərlik edir,” – deyə o bildirib. Məhkəmənin doqquz üzvündən altısı Respublikaçı qubernatorlar tərəfindən təyin olunub.

Rouland isə bu qərarı Oklahoma şagirdlərinin layiq olduğu ictimai təhsil yolunda atılmış addım kimi alqışlayıb.

“Dövlət məktəbi sinif otaqları heç bir dini doktrinanı – istər bu dinin çox tərəfdarı olsun, istər az – təbliğ etmək üçün istifadə edilə bilməz. Bu standartların bloklanması o deməkdir ki, Oklahoma şagirdləri tarixi və vətəndaşlığı hər bir ailənin inancına hörmət edən, eyni zamanda onların tənqidi düşünməsini, suallar verməsini və demokratiyamızın məlumatlı üzvləri kimi iştirakını təşviq edən şəkildə öyrənə biləcək,” – deyə o qeyd edib.

Keçmiş dövlət məktəbi müəllimi olan Volters administrasiyasında “mədəniyyət müharibəsi” mövzularına ciddi şəkildə diqqət yetirib, hətta immiqrant uşaqların statusunun yoxlanılması, məktəblərdə Bibliyanın dərslərə daxil edilməsi və Kaliforniya ilə Nyu-Yorkdan gələn müəllimlərin “radikal solçu ideologiya”ya qarşı hazırlanmış imtahandan keçməsini tələb edən təkliflərə görə həmkar Respublikaçılarla da mübahisələrə girib.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...