Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Dinlərin liderlərinin VIII Astana Qurultayında iştirakı çərçivəsində sentyabrın 18-də BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos ilə görüşdü.
“Tehsil365” “Qafqaz Müsəlman İdarəsi”ə istinadən xıbər verir ki, səmimi şəraitdə keçən görüşdə BMT Sivilizasiyalar Alyansı ilə Azərbaycan dövləti və dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olundu. Bildirildi ki, BMT SA Azərbaycanın evsahibliyi etdiyi tədbirlərdə yaxından iştirak edir, ölkəmizin dinlər, sivilizasiyalar arası dialoq və əməkdaşlıq müstəvisində irəli sürdüyü təşəbbüslərə dəstək verir.
Azərbaycan dövləti, Qafqaz Müsəlmanları İdarəsi, öz növbəsində, BMT SA-nın Qlobal Forumlarına uğurla evsahibliyi edir və onun tədbirlərində hər zaman yüksək səviyyədə təmsil olunur. QMİ sədri Şeyxülislamın BMT SA Kaşkayşda X Qlobal Forumunda və Hernikada Anım tədbirində fəal iştirakına görə dərin minnətdarlığını bildirən cənab M.A.Moratinos rəhbərlik etdiyi qurum xəttilə nəzərdə tutulan qarşıdakı tədbirlərdə də Şeyxülislam A. Paşazadənin fəal iştirakına ümidvar olduğunu bildirdi.
Azərbaycanın dinlərarası forumlara yüksək səviyyədə evsahibliyi etdiyini vurğulayan BMT rəsmisi İslamofobiyaya qarşı mübarizə üzrə səlahiyyətli olduğunu xatırladaraq, Azərbaycanın bu müstəvidə fəal olduğunu qeyd edərək qarşıda birgə konfransların təşkilinə dair fikirlərini bölüşdü. Cənab M.A.Moratinos Azərbaycanın multikulturalizm modeli, dinlərarası tolerantlıq və məzhəblərarası anlaşma modellərinin dünya ictimaiyyəti üçün önəm kəsb etdiyini, bunların davamlı təşviqinin vacibliyini xüsusi vurğuladı.
Azərbaycanın bölgədə sülh istiqamətində nailiyyətlərini yüksək qiymətləndirən cənab M.A.Moratinos fürsətdən istifadə edərək Şeyxülislam A. Paşazadəni bu yaxınlarda nüfuzlu “Dinlər Sülh uğrunda” Beynəlxalq təşkilatının həmprezidenti seçilməsi münasibətilə təbrik etdi, onun bəşəri əhəmiyyətli səy və əməllərinə uğurlar dilədi.
Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov iştirak etdi.