Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin şagirdlərinin valideynləri bağlı bufetdən narazılıqlarını ifadə ediblər.
“Tehsil365” xəbər verir ki, valideynlərin sözlərinə görə, yeməkxana 15 sentyabrdan – dərs ilinin başlanmasından fəaliyyət göstərmir.
“Artıq bir həftədən çoxdur ki, uşaqlar bütün gün ərzində qida ala bilmirlər. Biz bunu şagirdlərin normal təhsil şəraitinə hüququnun açıq pozulması və onların sağlamlığı üçün birbaşa təhlükə kimi qiymətləndiririk”, – deyə narazı valideynlər bildiriblər.
Onlar həmçinin qeyd ediblər ki, rəsmi müraciətləri Təhsil Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhər Təhsil İdarəsinə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA), eləcə də Ombudsman Aparatına göndəriblər. Valideynlər dərhal məktəb yeməkxanasının fəaliyyətinin bərpasını tələb ediblər.
Bakı Şəhər Təhsil İdarəsinin redaksiyamızın sorğusuna verdiyi cavabda bildirilib ki, 20 nömrəli məktəb-liseyin bufeti 22 sentyabrdan fəaliyyətini bərpa edəcək.