Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Naxçıvan Dövlət Universitetinin tələbələri ilə maarifləndirici tədbir keçirib.
Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, könüllülük proqramı gənclərə vergi orqanlarında təcrübə toplamaq, vergi qanunvericiliyi barədə bilik əldə etmək və praktiki vərdişlər qazanmaq imkanı yaradır. İkiaylıq fəaliyyətin sonunda könüllülərin işi qiymətləndirilir və onlara sertifikat təqdim olunur.
Bildirilib ki, hazırda Vergi Xidmətində çalışan yeni əməkdaşlar arasında könüllü kimi fəaliyyət göstərmiş gənclər də var. Bu, könüllülüyün karyera inkişafı üçün mühüm platforma olduğunu təsdiqləyir.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, maarifləndirici bukletlər paylanıb.