Təhsil 365 - Logo Mobile

Bir ölkənin fəxri, bir universitetin qüruru - şəhid tələbələrimiz

20026.09.2025 - 20:29
Bir ölkənin fəxri, bir universitetin qüruru - şəhid tələbələrimiz

Azərbaycanın istiqlalı və torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəmanlarımız xalqımızın qürur mənbəyidir. Onların arasında ali təhsil müəssisələrində oxuyan, elm yolunu seçən, amma vətən sevgisini hər şeydən uca tutaraq şəhidlik zirvəsinə ucalan tələbələrimiz də var. Onların həyat yolu və qəhrəmanlığı bu gün gənc nəsil üçün örnək, Vətən üçün isə əbədi fəxrdir.

Qatil gülləsinə qurban gedərkən

Gözünü sabaha dikdi şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla

Vətən torpağına çəkdi şəhidlər.

Doğrusu, igid şəhidimiz Teymur Osmanlının, qəhrəmanlığını, igidliyi, mərdliyini sözlərləifadə etmək üçün Bəxtiyar Vahabzadə kimi söz ustası olmaq lazımdır. İsmayıllının igid övladı Teymur Osmanlı Saday oğlu oxuduğu Azərbaycan Dillər Universitetinin qürurudur. O, tələbə həyatının ən gözəl çağında elm yolunu seçmiş, amma vətən sevgisi hər şeydən uca durmuşdur. Teymurun şəhidliyi bir gəncin arzularını yarımçıq qoysa da, onun adı daim yaddaşlarda yaşayacaq, həm doğma kəndində, həm də universitetin tarixində əbədi olaraq hörmətlə anılacaqdır.

O şənbə gecəsi, o qətl günü,

Mümkünə döndərdik çox namümkünü.

Xalqın qəlbindəki qorxu mülkünü,

O gecə dağıdıb sökdü şəhidlər.

Teymur da o gecənin qəhrəmanlarından biri idi. 17 oktyabr Suqovuşan döyüşlərində o, Vətən uğrunda canını fəda etdi. Onun igidliyi və mərdliyi, eləcə də qorxusuz döyüş ruhu, qorxu içində olan xalqın qəlbində yeni ümid, yeni cəsarət yandırdı. Teymurun fədakarlığı həm döyüş yoldaşlarına, həm də gələcək nəsillərə örnək oldu. O, yalnız bir şəhid deyil, xalqın qəlbində qorxunu dağıdan bir simvola çevrildi.

Onlar susdurulan haqqı dindirər,

Qaraca torpağı qiymətləndirər.

Donan vicdanları qeyrətləndirər,

Axı, el qeyrəti çəkdi şəhidlər.

Onlar susdurulan haqqı dindirən, torpağın qədrini bilən qəhrəmanlardır. 44 günlük Vətən müharibəsində Əzim Həsənov kimi igidlər xalqın vicdanını oyadaraq şəhidlik zirvəsinəucaldılar. Əzim uşaqlıqdan vətən sevgisi ilə böyümüş, təhsil illərində də daim vətənpərvərlik fəaliyyəti ilə seçilmişdi. Qələbə arzusu ilə döyüşə atılan Əzim haqq yolunda canını fəda etdi. Onun kimi şəhidlər torpaqlarımıza azadlıq, xalqımıza qürur gətirdilər. Bu gün biz onların fədakarlığı sayəsində başımız dik, sözümüz ucalıdır. Şəhidlər el qeyrətini çəkərək tariximizin şanlı səhifəsini yazdılar.

Bilirik, bu bəla nə ilkdi, nə son,

Ölürkən uğrunda bu ana yurdun.

Quzu cildindəki o qoca qurdun,

Doğru, düz cildini çəkdi şəhidlər.

Tarixin hər dönəmində xalqımız sınansa da, Vətən uğrunda can verən qəhrəmanlar çıxıb. 44 günlük Vətən müharibəsində Əzim Həsənov kimi igidlər torpaqlarımızın azadlığı naminədöyüşdülər. Onlar düşmənin illərlə davam edən işğalına son qoyaraq haqqın səsini dünyaya çatdırdılar. Əzimin həyat yolu uşaqlıqdan vətən sevgisi ilə yoğrulmuşdu və bu sevgi onu döyüş meydanına gətirdi. O, fədakarlığı ilə tariximizə adını qızıl hərflərlə yazdırdı. Bu gün şəhidlərimizin qəhrəmanlığı xalqımız üçün həm qürur, həm də yol göstəricidir.

Dözdü hər zillətə, dözdü hər şeyə,

“Dünyada mənim də haqqım var”,- deye

Kütləni xalq edən müqaviləyə

Qanıyla qolunu çəkdi şəhidlər.

Elvin Bayramov gənc yaşlarından vətən sevgisi ilə böyüyüb, xalqının haqq səsinə hər zaman sadiq qalmışdır. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dillər Universitetinə daxil olan Elvin, 2020-ci ildə ali təhsilini tamamlayaraq hərbi xidmətə yollanmışdır. Vətən müharibəsi başlayan gündən o, haqqın və ədalətin bərpası uğrunda döyüşlərdə fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən ağır savaşlarda zillətə, əzaba və bütün çətinliklərədözərək əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Ailəsi ilə son danışığında “Mən kişiyəm, sona qədər vuruşacağam” sözlərini söyləyərək iradəsini bir daha ortaya qoymuşdur. 26 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olan Elvin, qanı ilə xalqın azadlıq müqaviləsinəimza atmışdır. Onun şücaəti və fədakarlığı müstəqilliyimizin və milli birliyimizin əbədi rəmzinə çevrilmişdir.Şəhid tələbələrimizin həyat hekayəsi göstərir ki, Vətən sevgisi ən ali dəyərdir. Onlar ölümsüzlükləri ilə xalqın yaddaşına həkk olunmuş, qəhrəmanlıq nümunələri ilə gələcək nəsillərə yol göstərmişlər. Bu gün Azərbaycan gəncliyi onların ruhu qarşısında baş əyir, yarımçıq qalan arzularını davam etdirmək üçün daha böyük əzmlə çalışır. Şəhidlərimizin adı daim uca tutulacaq və onların fədakarlığı heç zaman unudulmayacaqdır.

Raul Qarayev

Azərbaycan Dillər Universiteti

Beynəlxalq jurnalistika

Rəşanə İsamqızı

Новостная лента

На данный момент новостей в ленте нет...