24–26 sentyabr tarixlərində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu və Azərbaycanın sədrliyi ilə MDB Dövlətlərinin Statistika Xidmətləri Rəhbərləri Şurasının 73-cü iclası keçirilib. Tədbirin yekunlarına dair Kommunike qəbul edilib.
“Tehsil365” xəbər verir ki, forumda Avropa, Asiya, Amerika və Afrika qitələrini təmsil edən 16 ölkənin və 10 beynəlxalq təşkilatın nümayəndələri, eləcə də tanınmış alimlər və ekspertlər iştirak ediblər. Açılış sessiyasından sonra müasir statistikanın aktual məsələləri müzakirə olunub.
“Statistik islahatlar və inkişaf perspektivləri”, “Statistikanı dəyişdirən innovasiyalar” və “Beynəlxalq müqayisələr proqramı” mövzularında keçirilən sessiyalarda milli statistika sistemlərinin müasirləşdirilməsi, institusional inkişaf tədbirləri, süni intellekt və smart-data texnologiyalarının tətbiqi, məlumat inteqrasiyası, yoxsulluğun ölçülməsi və satınalma qabiliyyəti paritetlərinin sosial-iqtisadi təhlillərdə istifadəsi diqqət mərkəzində olub.
“Milli Hesablar Sistemi 2025” və “Əhalinin siyahıyaalınması – 2030 mərhələsi” mövzularında keçirilən sessiyalarda yeni MHS-2025 çərçivəsinin tətbiqi, rəqəmsal dövrdə siyahıyaalmanın yeni metodları, registr əsaslı sistemlərin üstünlükləri və süni intellektin imkanları müzakirə olunub.
“Dayanıqlı İnkişaf Məqsədləri üzrə statistika – yolun yarısı” mövzusunda sessiyada DİM-in monitorinqi, alternativ məlumat mənbələrinin rolu, milli göstəricilərin müəyyənləşdirilməsi və beynəlxalq müqayisələr müzakirə edilib.
Bağlanış mərasimində Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Konstantin Laykam Forumun beynəlxalq səviyyədə əməkdaşlığın inkişafı və statistik sistemlərin modernləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

