Bu gün tanınmış siyasətçi, jurnalist, millət vəkili Qənirə Paşayevanın vəfatından iki il keçir. Onun xatirəsi həm doğmalarının, həm də bütün ölkə ictimaiyyətinin qəlbində yaşayır.
“Tehsil365” xəbər verir ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdu. O, Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmiş, rus və ingilis dillərini mükəmməl bilirdi.
2023-cü ilin sentyabrında səhhətində yaranan ciddi problemlər səbəbindən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Paşayeva naməlum mənşəli hipotonik vəziyyət diaqnozu ilə müalicə olunurdu. Həkimlərin və Türkiyədən gələn mütəxəssislərin bütün cəhdlərinə baxmayaraq, 28 sentyabr 2023-cü ildə 48 yaşında vəfat etmişdi.
Subay olan Qənirə Paşayeva 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub. Onun Firuzə adlı mənəvi qızı var idi.
Bu gün ölkə ictimaiyyəti Qənirə Paşayevanı hörmət və ehtiramla xatırlayır.

