Təhsil 365 - Logo Mobile

Masallıda yerli gənclər üçün ekoloji mövzuda təlim keçirilib

23428.09.2025 - 10:00
Masallıda yerli gənclər üçün ekoloji mövzuda təlim keçirilib

“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cari ilin 27 sentyabr tarixində Masallı şəhərində “İqlim dəyişmələri və onun ətraf mühitə təsirlərinə dair maarifləndirmə” layihəsi ilə əlaqədar 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yarım günlük təlim kursu təşkil edilib.

Tehsil365” xəbər verir ki, Masallı Gənclər Evində keçirilən və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan təlim kursunda Masallı rayonu üzrə 16-29 yaş arası 25 nəfər gənc olmaqla, 19 nəfər qız və 6 nəfər oğlanın iştirakı təmin olunub. İctimai birliyin heyətindən başqa təlim kursunda qonaq qismində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi, təlimçi qismində Azərbaycan Universitetinin Təlim-Tədris Mərkəzinin müdiri, beynəlxalq sertifikatlı təlimçi, doktorant Samir Salayev, ekspert qismində isə Lənkəran rayon Vəkil Bürosunun üzvü – vəkil Feyruz Əmənullayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşüb və iştirakçı gənclərin suallarını cavablandırıblar.

Təlim kursunda işçi heyətlə iştirakçılar arasında iqlim dəyişmələri və onun ətraf mühitə təsirləri sahəsində bir çox mövzuların – “İqlim dəyişmələri, onun ətraf mühitə və cəmiyyətə təsirləri, Ətraf mühitin qorunması, meşə və su ehtiyatlarının mühafizəsi, Tullantılar və onların idarə olunması, Təbii sərvətlər, onların növləri, alternativ enerji mənbələri və Ekologiya hüququ: Ekoloji qanunvericilik – təbiətdən istifadə və təbiəti mühafizə” müzakirə olunub və aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilib. Təlim zamanı müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunub.

Təlimin sonunda bütün iştirakçılara sertifikatlar və üstündə layihə adı yazılmış, QHT Agentliyinin və təşkilatın loqosu üzərində olan qısaqol köynəklər təqdim edilib.

Qeyd edək ki, 01 avqust – 31 oktyabr 2025-ci il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi yerli gənclərin ekoloji şüur, ekoloji tərbiyə və ekoloji mədəniyyətinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq onların iqlim dəyişmələri və onun ətraf mühitə təsirləri barədə regional miqyasda maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir.

Əlavə edək ki, 16-29 yaş arası 25 nəfər gənc üçün növbəti yarım günlük təlim kursları 04.10.2025-ci il tarixində Astara, 11.10.2025-ci il tarixində isə Cəlilabad şəhərində təşkil olunacaqdır.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...