Rusiyada fəaliyyət göstərən “müstəqil” media qurumları dünən Moldovada keçirilən seçkilərin nəticələrinə dair yaydıqları xəbərlərdə açıq manipulyasiyaya yol verərək bu kimi başlıqlar veriblər: “Moldovanın müxalifət partiyaları səslərin 100%-nin hesablanmasından sonra Sandunun partiyasını qabaqlayıblar”.
“Tehsil365“ “Müsavata” istinadən xəbər verir ki,təfərrüatı bilməyənlər elə düşünər ki, bəli, ölkə prezidenti Maya Sandunun partiyası seçkiləri uduzub.Həqiqət isə bundan ibarətdir: Maya Sandu tərəfindən yaradılan “Fəaliyyət və həmrəylik” partiyası seçicilərin 44,13% faizinin səsini alıb. Başqa sözlə, Sandunun partiyası seçki sandığından uğur qazanaraq çıxıb, birinci olub.
Rusiya ilə münasibətlərin bərpasının tərəfdarı olan, hər şeyi öz adıyla çağırmaq lazımdırsa, Rusiyaya işləyən “Vətənpərvərlər bloku” 28,25% səs alıb. Bu, o deməkdir ki, bu blok Moskvanın sandığı olmayıb, gözləntilərini doğrultmayıb və Kreml növbəti dəfə Moldovadakı seçkini uduzub.
Bu blokun qazandığı səs az olmasa da, çox da deyil, çünki Avropayönlü “Alternativ” partiyalar bloku 9,22%, “Bizim Partiya” 6,35%, “Evdə Demokratiya” partiyası 5,72% səs toplayıb.
Belə götürəndə ümumilikdə müxalifət partiyaları 49,54% səs toplayıb, ancaq həmin müxalif qüvvələr heç vəchlə “Rusiyanın adamları”ndan ibarət olan “Vətənpərvərlər bloku”na dəstək verəsi, onunla birlikdə hökumət koalisiyası formalaşdırası deyil.
Bu da o demədir ki, prezident Sandunun partiyası parlamentdən mandat almış istənilən partiyanın biri və ya ikisi ilə koalisiya quraraq hökumət formalaşdırmaq hüququ əldə edəcək.
Çünki bu partiyalar, birincisi, vətənpərvər siyasətçilərdən ibarətdir, ikincisi, Sandunun Avropayönümlü siyasətinə qarşı deyillər və Rusiyadan mümkün qədər uzaqlaşmağın tərəfdarıdırlar.
Bu halda Moskvanın dəstəklədiyi “vətənpərvərlər” təklənmiş olur.
Bununla belə, onların qazandığı səs faizi (30 faizə yaxın) göstərir ki, Moskva bu ölkədə hökumətdən narazı elektoratla, o cümlədən Kremlin dəstəyi ilə hakimiyyətə gəlmək istəyən qüvvələrlə yaxşı işləyib, onları vahid bir mərkəz ətrafında yaxşı təmərküzləşdirib.
Bəlkə də bu, Rusiyanın postsovet məkanında öz “5-ci kolon”larından əldə edə biləcəyi ən yüksək səs faizidir. Belarus xaric, digər ölkələrdə Moskva bu qədər tərəfdarını bir araya gətirə bilməzdi.

