2025-2026-cı il tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən 227-sində 338 məktəbəhazırlıq qrupunda 5251 uşaq məşğələlərə cəlb olunub.
“Tehsil365” xəbər verir ki, oktyabrın 1-dən etibarən Şəki rayonu üzrə 1600, Qax rayonu üzrə 344, Zaqatala rayonu üzrə 1009, Balakən rayonu üzrə 824, Oğuz rayonu üzrə 354, Qəbələ rayonu üzrə isə 1120 nəfər olmaqla, ümumilikdə 5251 uşaq məktəbəhazırlıq qruplarında tədrisə başlayıb.
Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.
Onu da qeyd edək ki, məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.